Azərbaycanla Ermənistan arasında 3 günlük hərbi qarşıdurmadan sonra əldə olunan atəşkəs razılaşmasının ardından Anadolu Agentliyinin əməkdaşları qoşunların təmas xəttində olub.
Bu barədə baki-xeber.com Agentliyə istinadən xəbər verir. Xəbərdə bildirilir ki, atışma nəticəsində Tərtər rayonunun Həsənqaya, Azadqaraqoyunlu, Dügərli, Qarahacı və Seydimli kəndlərində, Ağdam rayonunda isə Sarıçoban, Əhmədağalı, Orta Qərvənd, Qaradağlı, Bənövşələr, Sarıcalı və Şərəfli kəndlərində yaşayış evləri ciddi dağıntıya məruz qalıb. Dinc sakinlərdən 4 nəfər erməni gülləsindən həlak olub. Onlardan biri 16 yaşlı qısdır. 20 nəfər isə yaralanıb.
Ağdamın Əhmədağalı kəndində evə mərmi düşməsi nəticəsində yaşlı qadının yaşadığı ev tamamilə dağılıb, qadın isə təsadüf nəticəsində sağ qalıb. Elə həmin kənddə "Qrad” mərmisinin düşməsi nəticəsində daha bir yaşayış evi dağılıb, qonşu həyətdəki nəqliyyat vasitəsi sıradan çıxıb.
Agentlik sadalananların ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasına dair yeganə faktlar olmadığını da bildirir.