2022-ci ilin yekunlarına əsasən, Azərbaycanda yoxsulluq səviyyəsi 5,9 faizdən 5,5 faizə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il yoxsulluq həddi isə 204,7 manatdan 229,6 manata yüksəlib.
Maraqlı məqam ondan ibarətdir ki, ölkəmizdə ən yüksək yoxsulluq səviyyəsi kənd yerlərindədir. Kənd yerlərində son 3 ildə yoxsulluq səviyyəsi yüksəlir. 2020-ci ildə kənd yerlərində yoxsulluq 5,2 faizdən 7,3 faizə yüksəlib. Növbəti illərdə artım davam edib və 2021-ci ildə 7,8 faizə, 2022-ci ildə 8,6 faizə çatıb.
Şəhər yerlərində isə yoxsulluq səviyyəsi 5,3 faizdən 2,9 faizə düşüb.
“Bölgələrdə yoxsulluq içərisində yaşayanların kənd təsərrüfatı resurslarından istifadə imkanları genişləndirilməli, fərdi, xırda və orta səviyyəli təsərrüfat sahiblərinin sayı artırılmalıdır”
Mövzu ilə bağlı fikir bildirən sosioloq Aytəkin Kamranqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müasir dünyada bazar iqtisadiyyatı şəraitində ən aktual və qlobal problemlərdən biri də davamlı iqtisadi inkişafla sıx bağlı olan yoxsulluq problemidir: “Belə ki, davamlı inkişaf üçün yoxsulluğun azaldılması və ya aradan qaldırılması zəruri tələblərdir. Yoxsulluğun azaldılması üçün əhalinin istehsal ehtiyatlarından, o cümlədən, torpaq və su ehtiyatlarından, səhiyyə xidmətindən normal səviyyədə istifadə etməsi, məşğulluğun təminatı, maddi rifaha nail olması, müasir səviyyədə təhsil alması, kommunal və məişət xidmətlərinə olan ehtiyacın ödənilməsi, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi və digər məsələlərlə bağlı problemlər çözülməlidir. Bu baxımdan Azərbaycanda yoxsulluğun azaldılması iqtisadi islahatların əsas məqsədinə çevrilib. Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, ölkəmizdə yoxsulluq daha çox kənd yerlərində müşahidə olunur. Danılmaz faktdır ki, kənd yerlərində işsizlik yüksək, əmək haqqı isə aşağıdır. Əhalinin gəlirləri şəhərlərdən kəskin azdır. Buna görə də yoxsulluq səviyyəsi daha yüksəkdir”.
Ekspert hesab edir ki, bölgələrdə yoxsulluq içərisində yaşayanların kənd təsərrüfatı resurslarından istifadə imkanları genişləndirilməli, kənd təsərrüfatı məhsullarının istehsalına maraq formalaşmalı, fərdi, xırda və orta səviyyəli təsərrüfat sahiblərinin sayı artırılmalıdır.
Günel CƏLİLOVA