Litva və Latviya hökumətləri Rusiya taxıl məhsullarının öz ərazilərindən tranzitini dayandırmağı nəzərdən keçirirlər. “Reuters” agentliyinin məsələyə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Baltikyanı ölkələr bu addımı Moskvanın Ukraynanın Rusiya limanlarına hücumlarından sonra taxıl ixracını Baltik limanlarına yönləndirməsindən sonra atmağa hazırlaşırlar.
Qeyd olunur ki, Latviya bu yeni marşrutun əsas hədəfinə çevrilib və oktyabr ayından etibarən daşımalar əhəmiyyətli dərəcədə arta bilər.
Latviya hökumətinin Rusiya taxılının öz ərazisindən tranzitinə tamamilə qadağa qoymağı nəzərdən keçirdiyi, Litva isə hələlik təklif etdiyi məhdudiyyətlərin konkret təfərrüatlarını açıqlamadığı bildirilir. Lakin Litvanın Baş naziri Mindauqas Sinkeviçus əvvəllər Litva infrastrukturundan istifadə edərək Rusiya taxılının ixracının "ölkənin dəyərlərinə zidd " olduğunu bildirmişdi. Bu açıqlama hər iki ölkənin məsələyə prinsipial yanaşdığını və siyasi iradənin qadağaya doğru meyl etdiyini göstərir.
Rusiya taxılının Latviya və Litva üzərindən tranzitinin dayandırılması, Moskvanın hazırda istifadə etdiyi Baltik ixrac dəhlizini faktiki olaraq bağlayacaq. 2022-ci ildə aparılan dəyərləndirmələr göstərir ki, Rusiya taxıl, filiz və gübrə kimi mallarının əhəmiyyətli bir hissəsini Baltik limanları vasitəsilə daşıyır və bütün bu axının qısa müddətdə digər marşrutlara yönləndirilməsi mümkün deyil. Buna görə də, potensial qadağanın Rusiya taxıl ixracı üçün logistika çətinliklərinə və xərclərin artmasına səbəb olacağı gözlənilir.
Baltikyanı ölkələrin bu addımı, həmçinin Rusiyanın Ukraynaya hücumlar nəticəsində Qara dəniz üzərindən taxıl daşınması pozulduqdan sonra istifadəyə verdiyi alternativ marşrutlardan birini hədəfə alır. Moskva administrasiyasının buna necə reaksiya verəcəyi və taxılını hansı limanlar vasitəsilə ixrac edəcəyi yaxın günlərdə aydın olacaq.
Litva və Latviyanın bu addımı Rusiya və Belarusdan taxıl idxalına regional cavabın bir hissəsi kimi də qəbul edilir. 2024-cü ilin fevral ayında Litva Avropa Komissiyasını Rusiya və Belarusdan taxıl idxalını qadağan etməyə çağırıb və bu tələb Latviya, Estoniya, Polşa və Çexiya kənd təsərrüfatı nazirləri tərəfindən dəstəklənib. Litvanın eyni dövrdə 12.200 ton, Latviyanın isə 58.800 ton Rusiya taxılı aldığını nəzərə alsaq, bu ölkələrin həm idxalçı, həm də tranzit ölkələr kimi Rusiya taxıl ticarətindəki rolu daha aydın olur.
Yeni qadağanın bu ikitərəfli münasibətləri kökündən dəyişdirəcəyi və bölgədə taxıl axınını yenidən formalaşdıracağı gözlənilir.
Tahir TAĞIYEV