“Aşağı sinif şagirdlərinin bir məktəbdən digərinə keçirilməsi üçün imtahana cəlb edilməsi düzgün deyil və bunu uşaqların artıq yüklənməsindən başqa bir şey adlandırmaq olmaz”. Bunu oğlu ikinci sinifdə oxuyan Nərmin Heydərova öz sosial şəbəkə hesabında yazıb.
N.Heydərova qeyd edir ki, övladının məktəbini dəyişmək istəyirdi. Ancaq bunun üçün imtahandan keçməsi və lazım olan nəticəni göstərmək tələb olunurdu: “İmtahandan keçə bilmədiyinə görə onun məktəbini dəyişə bilmədik. Birinci sinif şagirdini imtahana salıb, yüksək səviyyədə nəticə tələb etmək məncə düzgün deyil. Hesab edirəm ki, uşaqları bu qədər yükləmək olmaz".
İlqar Orucov: “Bu qiymətləndirməni aparmaqda məqsəd şagirdləri sıxmaq və onları həddindən artıq yükləmək deyil, əksinə…”
Mövzu ilə bağlı fikir bildirən təhsil eksperti İlqar Orucov qeyd etdi ki, bu qiymətləndirməni aparmaqda məqsəd şagirdləri sıxmaq və onları həddindən artıq yükləmək deyil, əksinə, tədrisin növbəti mərhələlərində şagirdin nəzərdə tutulmuş minimum bilikləri əldə etməsinə yönəlmiş addımdır: “Şagird sinifdən-sinfə keçirsə, oxuduğu sinifdə, təbii ki, onun qiymətləndirilməsi aparılmalıdır. Bu təkcə Azərbaycanda belə deyil, bir çox xarici ölkələrin təhsil sistemində bu qaydadan istifadə olunur. Burda söhbət şagirdin yüklənməsindən getmir. Sadəcə, şagirdin oxuduğu sinifdə onun proqram məzmununu hansı səviyyədə mənimsədiyinin öyrənilməsindən gedir. Bu da şagirdin biliyinin ölçülməsinə xidmət edir. Bir şagird ikinci sinifi oxuyub bitirdikdən sonra keçdiyi mövzulara uyğun test tağşırıqlarını həll edə bilmirsə, o necə üçüncü sinifdə oxuya bilər? Demək ki, o, keçdiyi mövzuları mənimsəməyib. Şagird əgər sinifdə keçdiyi tədris mövzularını mənimsəmirsə, burada əlbəttə ki, məktəbin və fənni tədris edən müəllimin, eyni zamanda valideynlərin də günahı var. Müxtəlif ölkələrdə tədrisin forması fərqli şəkildədir. Elə ölkələr var ki, orada şagirdlər bütün günü məktəbdə olur, onun istirahəti də, asudə vaxtı da, sosiallaşması da bütövlükdə onun bütün təlim və tərbiyə prosesi məktəbdə həyata keçirilir. Belə olduqda da şagirdin evə gedərkən hər-hansı çalışmalar yerinə yetirməsinə ehtiyac qalmır. Amma reallıq bizdə belədir ki, bizim kimi təhsilin tədris olunduğu ölkələrdə şagird günün yalnız müəyyən hissəsini sinifdə keçirir və əlbəttə ki, bütün şagirdlərin maksimal səviyyədə o bilikləri əldə etmək imkanı olmur. Burada şagirdin fərdi inkişafından irəli gələn məsələlər var. Düşünürəm ki, bu qiymətləndirməni aparmaqda məqsəd şagirdləri sıxmaq və onları həddindən artıq yükləmək deyil, əksinə, tədrisin növbəti mərhələlərində şagirdin nəzərdə tutulmuş minimum bilikləri əldə etməsinə yönəlmiş addımdır”.
Könül İsmayılova: “7-8 yaşlı uşaq hansısa imtahan verib məktəbə girəcəksə və ya məktəbi dəyişəcəksə, bunun harası icbari təhsil oldu?”
Psixoloq Könül İsmayılova isə hesab edir ki, hazırda ibtidai sinif şagirdlərini çox yükləyirlər: “7-8 yaşlı uşaq hansısa imtahan verib məktəbə girəcəksə və ya məktəbi dəyişəcəksə, bunun harası icbari təhsil oldu? Azərbaycan qanunlarına görə, hər bir şəxs pulsuz şəkildə orta məktəb təhsili ilə təmin olunmalıdır. Valideyn övladının məktəbini dəyişirsə elektron qaydada müraciət edir. Valideynin elektron sorğusu əsasında arzu edilən məktəbdə boş yer varsa uşaq qəbul olunur. Qayda belədir. Yoxsa birinci sinif şagirdini imtahan edib, elmi suallar verib onu kəsmək düzgün deyil. İmtahan etmək istəyirlərsə uşağın yaşını, düşüncəsini və oxuduğu müddət ərzində nə tədris olunubsa onun əsasında suallar versinlər. Yoxsa məntiqi suallar verib uşağı həyatdan küsdürməsinlər. Bu kimi faktlar yetərincədir. Məktəblər sanki uşağı sındırmaq istəyir. Qəliz suallar verməklə onlara savadsız deyib, psixologiyalarını alt-üst etmək istəyir”.
Günel CƏLİLOVA