Moskva Berlinin Bonndakı Rusiya Baş Konsulluğunu və Almaniya paytaxtındakı Rusiya Elm və Mədəniyyət Evini (Rus Evi) bağlamaqda qeyri-dost hərəkətlərinə cavab olaraq Sankt-Peterburqdakı Almaniya Baş Konsulluğunun və Rusiyadakı Höte Mədəniyyət Mərkəzlərinin fəaliyyətini dayandırır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
"Rusiya tərəfi Almaniya Federativ Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı ləğv edir . Konsulluq 2026-cı il sentyabrın 18-dən gec olmayaraq fəaliyyətini dayandırmalı və bütün işçiləri həmin tarixdən gec olmayaraq Rusiya Federasiyasını tərk etməlidir" – deyə Rusiya XİN-in açıqlamasında deyilir.
Bildirib ki, Rusiyadakı Alman Höte mədəniyyət mərkəzləri fəaliyyətini dayandırmalıdır. Onların ezamiyyətdə olan işçilərinə Rusiyanı 13 sentyabr 2026-cı il tarixindən gec olmayaraq tərk etmək əmri verilib.
Diplomatik missiyanın rəhbərinə - Almaniya Federativ Respublikasının müvəqqəti işlər vəkilinə - Rusiya Xarici İşlər Nazirliyinin müvafiq notaları təqdim edilib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, ikitərəfli münasibətlərdə növbəti dəfə yeni bir gərginliyə səbəb olan Almaniya hakimiyyəti olub: “Nəticələrə görə bütün məsuliyyət tamamilə Almaniya hökumətinin üzərindədir".
Sentyabrın əvvəlində Almaniyanın xarici işlər naziri Yohann Vadeful Bonndakı Rusiya Baş Konsulluğunun bağlanması qərarını açıqlayıb. Vadeful həmçinin Berlindəki Rus Evinin də bağlanacağını bildirib.
Berlin bu tədbirləri avqust ayında Leypsiq hava limanında partlayıcı maddələrlə yüklənmiş dron aşkarlanmasına cavab olaraq görüb. Almaniya hakimiyyəti dron hadisəsinə görə Rusiyanın məsuliyyət daşıdığına inanır. Moskva bu ittihamları rədd edir.
Tahir TAĞIYEV