Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Moskvada keçiriləcək Rusiya-Ermənistan yüksək səviyyəli danışıqlarının əsas mövzuları Ermənistanın gələcək inkişafını və istiqamətini müəyyən etmək, eləcə də bu məsələ ilə bağlı referendum keçirilməsi olacaq.
Peskov bildirib ki, tərəflər bütün bu mövzuları, eləcə də müvafiq referendumun keçirilməsi mövzusunu bir daha hər tərəfli müzakirə etmək imkanı əldə edəcəklər.
Ermənistan baş nazirinin Rusiyaya səfərinin konkret tarixinə gəlincə Kremlin sözçüsü deyib: "Bu səfərin dəqiq tarixləri dövlət başçılarının iş qrafikləri nəzərə alınmaqla diplomatik kanallar vasitəsilə razılaşdırılacaq".
O xatırladıb ki, Rusiya və Ermənistan liderləri arasında bu yaxınlarda Bişkekdə keçirilən danışıqlar zamanı "ikitərəfli ticarət və iqtisadi əməkdaşlıqla bağlı müəyyən konkret məqamlar müəyyən edilib".
"Müvafiq qurumlar bu məsələlər üzərində işləyəcək, amma ən əsası, cənab Paşinyanın tezliklə Moskvaya səfər etməsi və dövlət başçılarının ikitərəfli münasibətlərimizin əsas mövzusunu hər tərəfli yenidən müzakirə etmək imkanı əldə etməsi barədə razılıq əldə edilib" – deyə Peskov əlavə edib.
Sentyabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Yerevanın gələcək inteqrasiya planları ilə bağlı sakit dialoq aparmaq barədə razılığa gəldiyini və bu məqsədlə onu Moskvaya dəvət etdiyini açıqlayıb.
Tahir TAĞIYEV