Hazırda I-IV siniflər üçün "Talış dili", "Saxur dili, "Xınalıq dili" və I sinif üçün "Haput dili" dərslik komplektlərinin çapı üzrə işlər aparılır. Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
Hesabatda qeyd olunub ki, ümumtəhsil müəssisələrinin I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə dərslik komplektləri hazırlanıb.
Maraqlıdır, bu dərsliklər kimlər tərəfindən hazırlanacaq, bu fənlər kimlər tərəfindən tədris olunacaq, ümumiyyətlə bu sahədə kifayət qədər peşəkar kadrlar varmı?
Elşən Qafarov: “Azsaylı xalqların kompakt yaşadığı ərazilərdə valideynin arzusu və istəyi, yəni yazılı ərizəsi ilə azsaylı xalqların dilləri həftədə 1 saat olmaqla tədris olunur”
Təhsil üzrə ekspert Elşən Qafarov bildirdi ki, Azərbaycanda dərsliklərin dövlət hesabına çapı 2000-ci ildən başlayır: “Həmin vaxtdan da azsaylı xalqların dili ilə bağlı dərsliklər çap olunurdu. Məsələn, “Talış dili” IV sinfə qədər, “Ləzgi dili” IX sinfə qədər və digər azsaylı xalqların dilində kitablar var. Ancaq o kitablar illərdir ki, yenilənmirdi. Artıq həmin kitabların yenilənməsi ilə bağlı qərar verilib. Qanunvericiliyə görə, azsaylı xalqların kompakt yaşadığı ərazilərdə valideynin arzusu və istəyi, yəni, yazılı ərizəsi ilə azsaylı xalqların dilləri həftədə 1 saat olmaqla tədris olunur. O xalqların kompakt yaşadığı ərazilərdə olan məktəblər üçün əlavə olaraq Elm və Təhsil Nazirliyinin hər il xüsusi tədris planı təsdiq olunur. Yəni bu kitablar 20 il bundan qabaq mövcuddur, ancaq hazırda yenilənməsindən söhbət gedir. Mən ilk pedoqoji fəaliyyətimə başlayanda, 1996-cı ildə 1 il “Talış dili”ni tədris etmişəm. Bunun üçün xüsusi kadrın olmasına ehtiyac yoxdur. Yəni əlifbanı, folklorunu, şeir nümunələri və s. tədris edir. Onsuz da həmin xalqın kompakt yaşadığı ərazidə onların nümayəndəsi olan müəllimlər çalışır və həmin dərslər müəllimlərdən birinə verilə bilər. Yəni orada xüsusi bir biliyə ehtiyac yoxdur”.
Etibar Əliyev: “Müxtəlif xalqların dillərinin tədrisi təşkil olunacaqsa, diqqət yetirmək lazımdır, həmin dillərdə ədəbiyyat varmı?!”
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, təhsil eksperti Etibar Əliyev hesab edir ki, etniklərin dilinin tədrisi məqsədəuyğun deyil: “Qərar qəbul edilibsə, sözügedən dillər tədris olunacaq. Mən isə düşünürəm ki, Konstitusiyamıza uyğun olaraq tədris dili Azərbaycan dilidir və tədris bu dildə aparılmalıdır. Müxtəlif xalqların dillərinin tədrisi təşkil olunacaqsa, diqqət yetirmək lazımdır, həmin dillərdə ədəbiyyat varmı?! Təbiət elmləri sahəsində ədəbiyyat yoxdur axı. Ona görə də, yalnız Azərbaycan dilində tədrisin təraftarıyam. Bu dillərdə ibtidai təhsil pilləsində dərsiliklər olsa belə, ondan sonra hara adlamaq olar? Bu dillərdə tədrisin qurulmasındansa, düşünürəm ki, məktəbdə keçirilən fizika, kimya fənninin saatını artırmaq daha yaxşıdır”.
Günel CƏLİLOVA