Məlum olduğu kimi, avqustun 23-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərinə səfər ediblər.
Dövlət başçıları və xanımları Saatlı məscidində olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Şuşanın Baş planı ilə tanışlıqdan sonra Natəvan bulağında, Yuxarı Gövhər Ağa məscidində, Bülbülün ev-muzeyində, Mehmandarovların malikanə kompleksində və Cıdır düzündə olublar.
Məlumat üçün qeyd edək ki, türkdilli dövlət başçılarından birinci Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin iyununda Şuşaya səfər edib. Şavkat Mirziyoyev Şuşaya səfər edən ikinci türkdilli ölkənin prezident oldu. Maraqlıdır, bundan sonra digər türkdilli və islam ölkələri dövlət başçılarının Şuşaya səfər perspektivləri nə dərəcədədir?
“Yaxın gələcəkdə Qazaxıstan, Qırğızıstan və Türkmənistan rəhbərlərinin Şuşaya səfər edəcəyi ehtimalı böyükdür”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı buna bir neçə prizmadan yanaşdı: “Azərbaycan işğal altında olan əraziləri 44 günlük Vətən müharibəsində azad edərkən qardaş Türkiyənin dəstəyi ilə yanaşı, digər türkdilli dövlətlərin də dəstəyini qazandı. Rusiyanın yaratdığı KTMT-də təmsil olunan türkdilli dövlətlər də Azərbaycanı bu haqq işində dəstəklədi. Azərbaycanın Türk birliyi ideyasını dəstəkləməsi bu birliyin inkişafına səbəb oldu. Nəzərə almaq lazımdır ki, həm müharibədən əvvəl, həm də sonra türkdilli ölkələr arasında müxtəlif formalı birliklər yarandı. Bütün bunlar məhz Türkiyə-Azərbaycan dövlətlərinin birliyinin inkişafını, gücünü sübut edirdi. O baxımdan əlbəttə ki, Orta Asiyanın türkdilli dövlətləri də əvvəldən bu birliklərə ürəklə qoşulmaq istəyirdilər. Lakin ictimai-siyasi vəziyyət, Rusiya amili buna imkan vermirdi. Ancaq 44 günlük müharibə dövründə bu tilsim sındı. Müharibədə əldə olunan qələbədən sonra 2021-ci ilin 15 iyununda Şuşa Bəyyannaməsinin imzalanması bu işi daha da sürətləndirdi. Ərdoğandan sonra Özbəkistan prezidentinin işğaldan azad olunmuş ərazilərə səfər etməsi, Şuşada olması, Füzuli şəhərində Özbəkistanın çox gözəl bir məktəb inşa etməsi olduqca önəmli hadisələrdir. Bütün bunlar onu göstərir ki, türk dövlətləri arasında qardaşlıq inkişaf edir. Yaxın gələcəkdə Qazaxıstan, Qırğızıstan və Türkmənistan rəhbərlərinin Şuşaya səfər edəcəyi ehtimalı böyükdür. Bununla yanaşı, Rusiya zəiflədikcə yeni qüvvə kimi ortaya çıxacaq Tatarıstan, Başqırdıstan rəhbərləri də belə səfərlər edəcək. Sözügedən səfərlər həmin ölkələrlə Azərbaycanın, Türkiyənin dostluğunun, əməkdaşlığının inkişafına təkan verəcək. İstisna etmirəm ki, yaxın perspektivdə müsəlman ölkələrinin dövlət başçılarının da Şuşaya səfərləri olacaq. Eyni zamanda həmin dövlətlərin Qarabağın dirçəldilməsinə sərmayə qoyuluşu artacaq. İşğaldan azad edilən ərazilərin bərpasında türkdilli və müsəlman ölkələrin fəal iştirakı gözləniləndir. Bütün bunlar gələcəkdə Qafqazda dayanıqlı sülhün təmin olunmasında, Zəngəzur dəhlizinin açılmasında mühüm rol oynayacaq”.
Vidadi ORDAHALLI