Ermənistandan Qarabağa qanunsuz silah daşınmasının qarşısının alınması məqsədilə ordumuzun həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində qarşı tərəfin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan öz çirkin məqsədləri üçün istifadə etməsinə son qoyulub. Bunu artıq ermənilər özləri də etiraf edirlər.
Bildirilir ki, Azərbaycan qüvvələrinin ötən şənbə günü – martın 25-də irəliləməsi nəticəsində Xankəndi ilə Turşsu arasındakı torpaq yol tamamilə bağlanıb.
Qarabağ ermənilərinin təmsilçilərindən olan Artur Arutyunyan “Azatutyun” radiosuna deyib ki, bu yolla artıq heç bir hərəkət mümkün deyil, çünki Azərbaycan hərbçiləri tutduqları yüksəklikdən yola tamamilə nəzarət edirlər: “İndi bu yol onların tutduqları yüksəklikdən tamamilə görünür və buna görə də yolla təhlükəsizlik baxımından hərəkət mümkün deyil”. Erməni tərəfi hələ də iddia edir ki, Azərbaycan silahlı qüvvələri Şuşa-Turşsu sahəsində 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə müəyyən edilmiş təmas xəttini keçiblər. Azərbaycan qüvvələrinin təmas xəttini keçərək Sarıbaba dağından 2.9 kilometr şimal-şərqdəki yüksəkliyi ələ keçirdiyini Qarabağdakı Rusiya sülhməramlı kontingenti də təsdiq edib. Amma bu, zərurətdən irəli gəlib. Çünki Rusiya sülhməramlı kontingenti Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz daşınmaların qarşısını almayıb, əksinə, ermənilərə yardım edib. Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, qanunsuz erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilib. O da vurğulanır ki, silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib. Ermənistanın “Qraparak” nəşri yazır ki, hazırda Azərbaycanın son addımları onun Qarabağdakı ermənilərin inteqrasiyası ilə bağlı məqsədlərini daha da tezləşdirəcək: “Ötən şənbə günü Bakı Qarabağı Ermənistanla birləşdirən alternativ yolu öz nəzarətinə götürüb. Qarabağda Bakı-İrəvan, daha dəqiq desək, Paşinyan-İlham Əliyev razılaşmasının işləməsinə şübhə edirlər. Nikol Paşinyan son vaxtlar sülh müqaviləsinin olmasında təkid edir. O, bunu ötən həftə hökumətin iclasında deyib. Sülh müqaviləsinin imzalanması isə, Praqa müqaviləsinə əsasən, Qarabağın Azərbaycanın bir hissəsi kimi de-yure tanınması deməkdir. Qarabağda olanlar hesab edirlər ki, Nikol Paşinyan Ermənistanla sonuncu yolu bağlamaqla öz hökumətinin sakit şəkildə sazişi imzalamasını sığortalamağa çalışır, lakin Qarabağ sakinlərinin bu yolla İrəvana köçəcəyini və bunun hansı nəticələri doğuracağını düşünmür. Qarabağ sakinlərinin fərziyyəsinə görə, yol müqavilə imzalandıqdan bir müddət sonra açılacaq və məhdud sayda adamların çıxmasına icazə veriləcək. O vaxta qədər Qarabağdan mühacirət edənlər üçün isə sosial proqramlar həyata keçirərək, vəziyyəti yüngülləşdirməyə çalışacaqlar. “Bəs niyə Rusiya tərəfi bütün bunlarda iştirak edir? Axı Qarabağ sakinlərinin azalması rus kontingentinin Cənubi Qafqazdan çıxarılması demək olacaq” müşahidəmizə aşağıdakı cavabı aldıq: “Əgər tərəflərdən ikisi qarşı deyilsə, üçüncü tərəf bu vəziyyətə uyğunlaşmalı olacaq, bundan başqa, Qarabağ sakinlərinin azalması bir-iki günün işi deyil”.
Bütün bunlar o fonda baş verir ki, Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib. Bu xüsusda qeyd edilir: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”. Hesab edilir ki, Qarabağda inteqrasiyaya qarşı çıxan ermənilərin buradan köçündən sonra Azərbaycanın təklifləri qalanlar tərəfindən daha tez və əngəlsiz qəbul olunacaq. Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məsələsində mövqeyi qarşı tərəf üçün mühüm şans hesab olunur. Rəsmi Bakı diqqətə çatdırır ki, Azərbaycan ərazisində bir çox etnik xalqların vəhdət və sabitlik şəraitində yaşadığı, dövlətin uğuruna güc qatdığı, Milli Məclis üzvlüyü daxil, bir sıra yüksək vəzifələr tutduqları yaxşı məlumdur. Ermənilər anlamalıdır ki, Azərbaycan vətəndaşlığı hüquqla yanaşı, həm də bir öhdəlikdir. Bunları qəbul edən erməni sakinlərin Azərbaycanda yaşaması üçün lazımi şərait yaradılacaq. Bu mənada, ermənilər onlar üçün yaranan şansdan maksimum dərəcədə faydalanmalıdırlar.
Samirə SƏFƏROVA