Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Telefon danışığı zamanı tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri, bölgədə cari vəziyyəti, eləcə də Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Azərbaycanın suveren ərazilərinə şəxsi heyət və hərbi sursat daşımaqda davam edən Ermənistanın son təxribatları və ölkəmiz tərəfindən bu təxribatlara qarşı güc tətbiq etmədən atılan addımlar barədə məlumat verib. Azərbaycan ərazilərində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə Laçın yolunun başlanğıcında Azərbaycanla Ermənistan arasında sərhəd-keçid nəzarət məntəqəsinin yaradılmasının əhəmiyyəti bir daha qeyd olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenlə Prezident İlham Əliyev arasında baş tutan telefon danışığı zamanı da Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub.
Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda dövlət başçısı bildirib ki, baş verənlər Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasını labüd edir.
Göründüyü kimi, Azərbaycan tərəfi bütün beynəlxalq təmasları zamanı Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yerləşdirilməsinin zəruriliyini müzakirəyə çıxarır. Bu prosesin sonu nə vəd edir?
Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, bizim rəsmilərin xarici ölkə rəhbərləri ilə baş tutan təmasları və Qarabağdakı vəziyyəti müzakirə etməsi bir sıra həqiqətlərin üzə çıxdığını göstərir: “Biz təkzibolunmaz dəlillərlə ermənilərin Qarabağa silah-sursat daşıdığını sübut edirik. Buna görə də Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün həmin yolları bağlamalıydı. Biz bunu etdik. Qarabağa aparan bütün torpaq yollar bizim nəzarətimizdədir. Heç bir tələfat vermədən biz həmin yollara nəzarəti təmin etdik. Ermənilər sülhməramlılardan bizi geri oturtmağı tələb edir. Biz öz ərazimiz daxilində hərəkət edirik və bu iradı heç cür qəbul etmirik. Bununla biz gələcəkdə baş verə biləcək eskalasiyanın qarşısını almışıq. Bizə məlumdur ki, ərazimizdə 10 minə yaxın silahlı erməni var. Bu, üçtərəfli Bəyanatın 4-cü bəndinə ziddir. Orada göstərilir ki, onlar ərazidən çıxırlar və yerlərinə sülhməramlılar gəlir. Ancaq bu iki il yarım müddətində biz tam fərqli mənzərə görürük. Əksinə, sülhməramlılar həmin silahlıları himayə edir. Bu səbəbdən də, biz özümüz hərəkətə keçib, yolları nəzarətə götürdük. Prezident doğru olaraq qeyd edir ki, biz Laçın yolunda nəzarət məntəqələri qoymalıyıq. Bunu etmək bizim konstitusion hüququmuzdur. Azərbaycana gələn işlək yolların hamısında bizim nəzarət məntəqələrimiz olmalıdır. Bütün sivil dünyada olan qayda-qanun bizdə niyə olmasın? Ölkəyə kimin və nəyin keçdiyinə müvafiq qurumlar nəzarət etməlidir. Bu da beynəlxalq qanunlara müvafiqdir. Prezident bunun vacibliyini bəyan edirsə, mütləq olacaq. Azərbaycanın öz ərazilərinə nəzarət etməsi bizim müstəsna səlahiyyətimizə aiddir. Biz nəyi deyiriksə, onu da edirik. Bizim bundan başqa yolumuz qalmayıb. Beynəlxalq müzakirələr də onu deməyə əsas verir ki, bizim arqumentlərimiz tutarlıdır”.
Məhəmmədəli QƏRİBLİ