Avropanın aparıcı təşkilatlarının bir qismi Azərbaycanla əməkdaşlığın, digər qismi isə Bakıya qarşı sözün həqiqi mənasında siyasi, iqtisadi və mədəni səlib yürüşü təşkil etməyin tərəfdarıdır.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlıdır. Onların Azərbaycana qarşı xoş niyyətləri verdikləri qərarlarda da təzahür edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqazda sülhün və sabitliyin hökm sürməsi üçün Azərbaycanla Ermənistan arasında əsas vasitəçi rolunda çıxış edir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycanla qaz və “yaşıl enerji” sektorunda əməkdaşlıq etməklə bağlı layihələrin əsas təşəbbüskarlarından biridir. Avropa Parlamentinin sədri Roberta Metsolanın rəhbərlik etdiyi qanad isə daim Azərbaycana qarşı ədalətsiz münasibət sərgiləyir. Bu qanadın əsas təzyiq vasitəsi qətnamələrdir. Avropa Parlamenti qətnamələrində əsasən Azərbaycanın beynəlxalq nüfuzunu gözdən salmağa çalışır. Avropa qurumlarının bu təzadlı münasibəti nəyi deməyə əsas verir?
Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa İttifaqı Şurası və Avropa Komissiyası həmin qurumun siyasi icra orqanlarıdır: “Ona görə də həm Şarl Mişel, həm də Ursula fon der Lyayen real təkliflərlə çıxış edirlər. Bir sözlə, hadisələrə daha real baxırlar. Onlar Avropa İttifaqının Qafqazdakı maraqları, Şərq-Qərb ticarət dəhlizi, Zəngızur dəhlizinin zəruriliyi, Çinlə Avropa arasında ticarətdə Orta Dəhlizin əhəmiyyəti mövzularına real faktorlar üzərindən baxırlar. Avropa Parlamenti isə daha çox fərqli ölkələrin təmsilçiləri olan parlamentarilərdən formalaşır. Faktiki olaraq icra mexanizminə malik deyil. Onların qəbul etdikləri qətnamələr tövsiyə xarakteri daşıyır. Avropa Parlamenti İranın SEPAH-ı, Qüds Qüvvələri ilə bağlı terrorçu olduqlarına dair qətnamə qəbul etdi. Amma Almaniyanın etirazına görə Avropanın rəsmi qurumları bu qərarı qəbul etmədilər. Sanki Parlamentlə manupulyasiya etmək daha asandır. Oradakı bəzi fraksiyalar dövlətlərin açıq lobbiçiliyini həyata keçirirlər. Biz bunu İrana qarşı yəhudi, Azərbaycana qarşı erməni lobbisinin fəaliyyətində görmüşük. Son nəticədə qərarverici qurum Avropa Parlamenti deyil. Biz dəfələrlə Avropa Parlamentində rüşvətlə bağlı qalmaqalların şahidi olmuşuq. Hətta ermənilərə çinayət sövdələşməsi əsasında lobbiçilik edənlərlə bağlı cinayət işi də açılmışdı. Söhbət bir milyon yarımlıq rüşvət alma ittihamından gedirdi. Biz daha çox Avropa İttifaqının icra qurumlarına doğru yönəlirik. Eynilə Fransada bu oldu. Senatın hər iki palatası Azərbaycan əleyhinə iki qətnamə qəbul etdi, hətta Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağrış etdi. Ancaq Fransa höküməti bunun icrası ilə bağlı heç bir addım atmayıb. Bu da onu deməyə əsas verir ki, deputatlar lobbiçiliyə daha açıqdırlar və xristian təəssübkeşliyini xüsusi qoruyurlar. Azərbaycan əleyhinə İspaniya parlamenti də qətnamə qəbul edib. Ancaq hökumət bizimlə normal münasibətdədir. Həmin deputatların heç 90 faizinin Azərbaycan haqda məlumatı yoxdur. Bu cür hallar parlamentar sistemlərdə mümkün olur. Rəsmi icra qurumları proseslərə ehtiyatlı yanaşırlar. Bütün hallarda Avropa İttifaqı belə qərarları təzyiq vasitəsi kimi qəbul edir. Bu addımı parlament atsa belə, lazım olanda istifadə etməyi düşünürlər”.
Məhəmmədəli QƏRİBLİ