Azərbaycan hakimiyyəti dəfələrlə Qarabağın erməni əhalisini öz vətəndaşları saydığını bəyan edərək, onların hüquq və təhlüksizliyinin ölkənin daxili işi olduğunu bildirib. Martın 13-də isə Prezident Administrasiyası Qarabağ ermənilərini görüş üçün Bakıya dəvət edib.
Xankəndidəki ermənilərə rəhbərlik edənlərsə Azərbaycan hökumətinin onlarla reinteqrasiya məsələlərinin müzakirəsi üçün Bakıya dəvətini rədd edib. Onlar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsini və humanitar, texniki məsələlərin müzakirə edilməsini istəyir, özlərini “tərəf” kimi təqdim edir, beləliklə, reinteqrasiya prosesindən imtina edirlər. Halbuki, Qarabağ erməniləri arasında fərqli fikirdə olanlar var.
Hazırda Azərbaycan mövqeyi ilə həm Qarabağ ermənilərini, həm də Ermənistanı fakt qarşısında qoyub. Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri, erməni politoloq Suren Surenyants da bunu etiraf edir: “Bakı əslində çox ağıllı bir hərəkət etdi. Aydındır ki, belə bir şəraitdə danışıqların həm yer seçimi, həm də gündəliyi elədir ki, böyük ehtimalla, Xankəndidən imtina cavabı veriləcəkdi”. Onun sözlərinə görə, bu təklif Bakıda o hesabla irəli sürülüb ki, beynəlxalq ictimaiyyətə Bakının nə qədər konstruktiv olduğu, mümkün imtina cavabı halında Xankəndinin hansı destruktiv mövqe tutduğu aydın olsun: “Burada məni başqa şey maraqlandırır, hətta görüşün yeri və gündəliyi o qədər də önəmli deyil, çünki deyə bilərlər ki, bu bizim ideyamızdır, biz bunu belə yazmışıq. Əgər görüş Bakıda keçirilirsə, beynəlxalq iştirak institutu yoxdursa, yəni vasitəçi və ya zamin kimi çıxış etməli olan ölkə yoxdursa, bu, fərqli inkişafı nəzərdə tutur”. Surenyants bildirib ki, kobud imtina cavabını düzgün hesab etmir. Çünki bu hal Bakının əlini gücləndirir. Əvvəla, təmasların indi qurulmasını təklif edən Qərbə göstərilir ki, Qarabağda ermənilərə rəhbərlik edənlər fərqli mövqe sərgiləyirlər. Bu fonda Qarabağda mümkün praktiki addımların, o cümlədə hərbi əməliyyatların keçirilməsi artıq zərurətə çevrilir. Cənubi Qafqaz ölkələrinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov da qeyd edir ki, Azərbaycan uzaqgörən gedişlər edib: “Azərbaycanın bu yanaşmasını dinc erməni əhalisi ilə birbaşa danışıqların başlanğıcı və Bakının güclü addımı hesab edirəm. Azərbaycan davamlı diplomatiyasını və sülh arzusunu nümayiş etdirir. Azərbaycan hakimiyyətinin Bakıda görüşü təşkil etməsi isə əlamətdardır. Bakı mütəmadi olaraq Azərbaycan vətəndaşı olmağa hazır olduqlarını bildirən ermənilərin həyatını yaxşılaşdırmağa, onlara ölkənin digər vətəndaşları ilə bərabər bütün hüquqlarla təmin etməyə hazır olduğunu nümayiş etdirir. Bildiyiniz kimi, son vaxtlar bir çox sadə erməni azərbaycanlılara məktub yazır. Azərbaycana üz tutan insanlar, görünür, başa düşürlər ki, Ermənistan hakimiyyətinin onlara ehtiyac yoxdur və onların həyatlarını yaxşılaşdırmayacaqlar. Axı hamıya məlumdur ki, Qarabağ erməniləri Ermənistanda bəyənilmir, sosial şəbəkələrin erməni seqmentinə baxın, görəcəksiniz. Elə bu günlərdə prezident İlham Əliyev Azərbaycanın tərkibində Qarabağ ermənilərinin yaşayışının Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi vaxtdan, indi yaşadıqlarından daha yaxşı olacağını söylədi. Azərbaycan prezidenti nəsə deyirsə, sözünü tutur, vədini yerinə yetirir. Burada ikitərəfli hərəkatın olması vacibdir ki, Azərbaycan vətəndaşı olmağa hazır olan erməni icmasının nümayəndələri də dinc həyata hazır olduqlarını göstərsinlər. Düşünürəm ki, Azərbaycan və Ermənistan çoxdan barışa bilərdi. Sadəcə olaraq, buna mane olan qüvvələr var”.
Onu da qeyd edək ki, Qarabağ ermənilərinin Bakıya dəvət edilməsini prezident İlham Əliyev Almaniyada bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü zamanı dövlət başçısı qeyd edib: “Azərbaycan tərəfindən müəyyən olunmuş nümayəndə martın 5-də Azərbaycanın Qarabağ bölgəsindən olan sakinlərlə görüşüb. Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən Qarabağın erməni ictimaiyyəti nümayəndələri reinteqrasiya məsələləri və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi üzrə təmasların davam etdirilməsi üçün Bakıya dəvət olunub”. İndi buna rədd cavabı verilməsi, əslində, ermənilərin özü üçün ciddi problem yaradır. Çünki Qarabağ ermənilərinin gələcəyi yalnız Azərbaycan cəmiyyətinə inteqrasiya ilə bağlıdır. Elə prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların taleyini, onların gələcək həyatını dövlətimiz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyil. Qarabağın erməni sakinləri yaranmış fürsətdən daha məhsuldar istifadə edərək Azərbaycan cəmiyyətinə inteqrasiya etmək, ölkə vətəndaşı kimi bütün hüquqlardan və imkanlardan yararlana bilərlər. Amma bunun üçün inteqrasiya məsələsində qətiyyətli olmalıdırlar. Erməni mətbuatı və mənbələrinin məlumatlarına əsasən, erməni icması arasında inteqrasiyadan başqa heç bir yol qalmadığına dair çağırışlar getdikcə daha tez-tez eşidilir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən bir gün əvvəl dərc olunan ikinci görüş dəvətinə müsbət yanaşmağa çağıran səslər də var. Lakin Araik Arutyunyan və onun "məmurları" faktiki olaraq Qarabağdakı erməniləri girov olaraq saxlamağa davam edir və bununla vaxtı uzadacağına ümid edir. İnadkarlıq edən bu şəxslərə prezident İlham Əliyevin digər sözlərini xatırlatmaq yerinə düşər: "Əgər vaxtilə bizə qarşı separatçı hərəkat başlamasaydı, bu gün onlar da Azərbaycanın bütün başqa yerlərində olduğu kimi yaşaya bilərdilər. İndi onların yaşadıqları mənzərə göz önündədir. İndi gedib görənlər var hansı şəraitdə yaşayırlar. Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır". Hər halda, Azərbaycan mövqeyini qəti şəkildə ortaya qoyub və uzun müddətə də gözləmək niyyətində deyil. Qarabağ erməniləri üçün vaxt daralır.
Ramil QULİYEV