Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanma prosesini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyasını, Brüssel sülh gündəliyini dəstəkləyir.
Məhz bu əsnada aparılan görüşlərdə, qəbul edilən bəyanatlarda sülh müqaviləsinin və sülh gündəliyinin platforması müəyyən olunub. Bu barədə Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə bildirib.
Prezident qeyd edib ki, beş prinsipi özündə ehtiva edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb və iki ölkə arasında sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər. Azərbaycanın mövqeyinin iki yanaşmadan ibarət olduğunu bildirən Prezident İlham Əliyev deyib ki, birinci yanaşma Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma isə Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsidir.
Prezident Əliyevin Brüssel sülh gündəliyini dəstəkləməsinə Moskva və İrəvanın münasibəti necə olacaq?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sülh prosesi ətrafında iki formatda danışıqlar gedir: “Bu, Avropa İttifaqı və Rusiya formatında olan danışıqlardır. Çünki bundan öncə Brüsseldə, Moskvada görüşlər keçirilib.
Brüssel danışıqlarında doğrudan da biz daha çox irəliyə getmişik. Ölkəmiz üçün ən vacib olan məsələ sülh sazişidir. Rusiya istiqamətində aparılan danışıqlarda isə daha çox dəhlizlərin açılması, delimitasiya və demarkasiya ilə bağlı məsələlər müzakirə edilib. Ümumilikdə isə Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Təbii ki, burada müəyyən bir qısqanc yanaşmalar var. Eyni zamanda strateji baxımdan Rusiya Qarabağ məsələsinin həll olunmasını istəmir. Rusiya daha çox bu məsələni nəzarət altında saxlamaq niyyətindədir. Amma Brüssel görüşlərində Azərbaycan öz istəkləri ilə bağlı daha çox irəliləyişə nail ola bilir. Burada ABŞ-ın vasitəçiliyi də prosesə mümkün qədər kömək edir”.
Ekspertin sözlərinə görə, Brüssel Şarl Mişelin dili ilə Qarabağ ermənilərini “etnik azlıq” adlandırdı: “Bu isə o deməkdir ki, Qarabağ ermənilərinin nəinki müstəqil dövləti ola bilməz, Qarabağ ermənilərinə hər hansı bir muxtariyyətin verilməsi də ciddi şübhə doğurur.
Elə bu səbəbdən də Qarabağ erməniləri Brüssel paltformasına qarşı çıxır. Onlar həm də rəsmi İrəvana etiraz edirlər. Əvəzində Rusiyadan bərk yapışıblar. Hesab edirlər ki, Ermənistanla Azərbaycan Rusiya müstəvisində danışqları davam etdirməlidir.
Aydındır ki, həm Ermənistan, həm də Azərbaycan Moskva ilə Brüssel arasıda manevr etmək zorundadır. O da şübhə doğurmur ki, hər iki ölkə üçün Brüssel müstəvisi daha məqbuldur. Rusiya Brüsselə birbaşa olmasa da etiraz edir. Yadınızdadırsa, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Brüsselə birbaşa olmasa da etiraz edirdi. O, Brüsselə “geopolitik oyunlar”dan kənarda qalmağı tövsiyə etmişdi. Rusiyanın prosesin qarşısını almaq üçün ən azı kifayət qədər alətləri var, ona görə də bu şəraitdə Rusiyadan yan keçməklə istənilən nəticə əldə etmək cəhdi, gərginliyin və sabitliyin azalmasından daha çox, vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Daha çox ehtimal olunur ki, Avropa hələ də Moskva ilə Qafqaz platformasında işləməkdə maraqlıdır. Hazırda bu, həm də region ölkələrinin maraqlarına uyğundur”.
Məhəmmədəli QƏRİBLİ