Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında yenə qeyri-müəyyən, ziddiyətli fikirlər səsləndirdi. Onun səsləndirdiyi fikirlər belə qənaətə gəlməyə əsas verir ki, Ermənistan yaxın perspektivdə Azərbaycanla sülh sazişi imzalamaqda maraqlı deyil.
Paşinyan qeyd edib ki, tərəflər arasında müəyyən irəliləyiş olsa da, fundamental problemlər ortaya çıxır: “2-3 gün öncə Azərbaycandan cavab aldıq. İrəliləyiş varmı? Qeyd etmək lazımdır ki, biz müəyyən irəliləyiş görürük. Ancaq nə qədər irəliləsək, bir o qədər fundamental problemlər ortaya çıxır. Bakı sülh müqaviləsində Ermənistana qarşı "ərazi iddialarını" möhkəmləndirməyə çalışır. Bu bizim üçün qırmızı xətdir. Daha sonra görürük ki, Azərbaycan bu mətndəki təkliflər vasitəsilə, həm də Ermənistanın imzasıyla Dağlıq Qarabağda genosidə, yaxud etnik təmizləməyə mandat əldə etməyə çalışır. Bu da, təbii ki, bizim üçün qırmızı xətdir. Bu görüşlərdən sonra aydın oldu ki, Azərbaycan inteqrasiya məsələsinin müzakirəsini təklif edir. Problem leksikonda deyil, onun mahiyyətindədir, Azərbaycanın sözünü tutmamasındadır. Qarabağ xalqı və hökumətinin öz müqəddəratını təyin etməsi vacibdir”.
Görünən odur ki, Paşinyan bütün vasitələrlə sülhün əldə olunmasından yayınır.
“Artıq doğru nəticələrin çıxarılmasının zamanıdır və İrəvanın nazı ilə oynamaq dövrü də geridə qalıb”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, Ermənistan sülhdən uzaqlaşmaqla dalana dirənir: “Göründüyü kimi, Ermənistanın baş naziri regionda sülhün bərqərar olması prinsipindən çox uzaqlardadır və prosesin qəsdən, bilərəkdən uzadılması maraqları da bu faktlara hesablanıb. Ermənistan bir tərəfdən Qarabağla bağlı danışıqlardan imtina etdiyini deyir, digər tərəfdən isə hansısa “beynəlxalq mexanizmlərdən” bəhs edir. Hər iki amil ilk növbədə Qarabağdakı vəziyyətin gərginləşməsinə səbəb olur. Halbuki, Azərbaycan Qarabağ ermənilərinə ikinci görüşün Bakıda keçirilməsi və heç bir üçüncü tərəfin olmaması təklifini irəli sürüb. Lakin bildiyimiz kimi, qarabağlı separatçılar məhz Ermənistandan, eləcə də digər havadarlarından aldıqları tapşırıqlar əsasında bu görüşdən imtina etdilər. Başqa bir tərəfdən görünən həm də budur ki, Paşinyan İrəvanın subyektivliyinə ümd etmir. Daha dəqiq desək, öz ətəyini başqalarının əlinə verməklə ölkəsini daha ağır duruma doğru sürükləyir. Belə bir siyasət isə Ermənistanın özünün müqəddəratını böyük sual altında qoyur”.
Politoloq hesab edir ki, Ermənistanın özünü tələyə salması prosesi yalnız Azərbaycanla deyil, həm də Rusiyanın bostanına daş atması ilə seçilir: “Başı bəla görən kimi dərhal Putinə zəng edən Paşinyanın indi də Kremlin nəzarətində olan KTMT-ni hədəfə alması, Ermənistanın KTMT-dən çıxmadığını, KTMT-nin Ermənistanı tərk etdiyini bildirməsi, belə görünür ki, ona çox baha başa gələcək. Bu, eyni zamanda qədim erməni şakərinin göstəricisidir - “günahkar hamıdır, lakin biz deyilik”. Hər kəsi günahkar çıxaran Paşinyanın daha bir fikri diqqət cəlb etdi. O bildirdi ki, sən demə Ermənistanın müharibəni uduzma səbəbi ordu daxilində beşinci kolonun olması imiş. O demək istəyib ki, əgər beşinci kolon olmasa idi Ermənistan müharibədən qalib çıxacaqdı? Bax, bu cür gülünc və məntiqsiz ifadələri, siyasəti ilə Paşinyan ölkəsini məhvə doğru sürətlə sürükləməkdədir. Ümumiyyətlə, Ermənistanın baş nazirinin qeyri-ciddiliyi, çox yəqin ki, onun son illərdə aldığı kəskin psixoloji travması ilə bağlıdır və belə davam edərsə Bakının da səbri tükənəcək. Hətta belə desək, tükənib də. Artıq doğru nəticələrin çıxarılmasının zamanıdır və İrəvanın nazı ilə oynamaq dövrü də geridə qalıb”.
Vidadi ORDAHALLI