İsrailin kəşfiyyat naziri Gila Gamliel X Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” panel iclası zamanı deyib ki, regionda sabitliyin pozulmasının səbəbi İrandır:
“İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir. İran beynəlxalq ictimaiyyətə və hətta öz xalqına yalan danışır. Bütün dünya ictimaiyyəti gözünü açıb İranda baş verənlərə - etiraz edən, zəhərlənən, haqları uğrunda mübarizə aparan qadınlara baxmalıdır”.
O da məlumdur ki, İran əgər regionda sabitliyin pozucusudursa, bu ölkəyə nəfəs verənlərdən biri də Ermənistandır. 2020-ci ilin yanvarında İkinci Dünya müharibəsi zamanı Osvensim düşərgəsinin azad edilməsinin 75-ci ildönümünü və Holokostu qeyd etmək üçün Rusiya, Fransa, Ukrayna prezidentləri, habelə ABŞ-ın vitse-prezidenti və bir sıra digər ölkələrin yüksək çinli rəsmiləri İsraildə olublar. Tədbirə dəvətlilər arasında Ermənistan prezidenti Armen Sarkisyan da olub. Bu azmış kimi, A.Sarkisyan Holokostla bağlı xüsusi məruzə ilə çıxış edib. A.Sarkisyan utanmadan deyib ki, o vaxt Böyük Vətən müharibəsinə 600 min erməni vətəndaşı gedib və onların 350 mini geri qayıtmayıb. Nəzərə alsaq ki, o vaxt Ermənistan əhalisi 2 milyon nəfər idi, o zaman bir belə ölkə vətəndaşının müharibəyə getməsi mümkünsüz idi. Azərbaycan əhalisi Ermənistandan bir neçə dəfə çox idi və məhz bizdən 600 mindən çox adam müharibəyə gedib. Üstəlik, İkinci Dünya müharibəsi vaxtı yəhudilərin kütləvi öldürülməsində nasist ermənilər - Drastamat Kanoyan, Qaragin Njde xüsusi rol oynayıb.
Bütün hallarda İsrail İranı pozuculuqda ittiham etdiyi halda, onun nəfəs verəni olan Ermənistana nə əcəb irad tutmurlar?
“Əsasən buna görə İrəvan-Tehran münasibətlərinin dərinləşməsini görməzdən gəlir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov İsrailin Ermənistanın İranla bağlı sərgilədiyi siyasəti görməzdən gəlməsini bir sıra faktorlarla əlaqələndirdi: “İsrail kəşfiyyat nazirinin Bakıdakı Qlobal forumda İranın ünvanına səsləndirdiyi fikirlər bir sıra amillərlə bağlıdır. Bu, İsrailin İranla regional və qlobal təhlükəsizlik problemlərinə fərqli yanaşmalarından irəli gəlir. İsrail İranın nüvə çalışmaları sahəsində tədqiqatlarından narahatlığını gizlətmir. İranın nüvə zənginləşdirilməsinin 85 faizə çatdırması fonunda ABŞ-la birlikdə onun bu sahədəki tədqiqatlarını dayandırmaqdan ötrü bütün vasitələrdən istifadə edəcəyini bildirib. İsrail də ABŞ və onun NATO üzrə müttəfiqləri kimi İranın nüvə silahına yiyələnməsinin qarşısının alinmasında israrlıdır. Lakin məsələyə fərqli rakurslardan yanaşdıqda qeyd etmək lazımdır ki, İsrail nüvə silahına malik olsa da, onun yayılmamasına əməl edir. İranı bölgə və dünyanın düşməni sayan İsrail ABŞ və beynəlxalq sionizmin dəstəyinə arxalanaraq illərdir Fələstin və Suriya torpaqlarının boşaldılması ilə bağlı BMT qətnamələrini yerinə yetirməkdən yayınır. Dünyada ilk dəfə kutləvi qırğın silahını hərbi zərurət olmadan mülki əhaliyə münasibətdə tətbiq edən tərəfin də məhz ABŞ olduğunu xatirlatdıqda isə qəribə bir mənzərə yaranır. İsraili və ABŞ-ı narahat edən əsas amil isə əslində bu günlərdə Çinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin uzun fasilədən sonra bərpası oldu. Bu faktor Çinin Yaxin və Orta Şərqdə nüfuz göstəricisinin artması ilə yanaşı, ABŞ-ın Yaxin və Orta Şərqdə yeni dünya nizamı ilə bağlı geosiyasi konsepsiyasına münasibətdə bölgədə qüvvələr nisbətinin dəyişməsinin göstəricisi kimi diqqəti cəlb edir. İrana qarşı ehtimal olunan yeni "Böyük Oyunda" ABŞ-ın xeyrinə işləməyən bir faktordur. Ermənistanın İsraillə münasibətlərinə gəlincə isə, bu gun dövlətlərarası münasibətlər qloballaşmaqda olan dünyanın geosiyasi, təhlükəsizlik reallıqlarının konteksində qurulur. Tarixi miras bu münasibətlərə müəyyən ideoloji təsir imkanlarina malik olsa da, o həlledici xarakter kəsb etmir. İsrail İranla bağlı sərt mövqedən çıxış etsə də, erməni lobbisi ilə konfrontasiyaya getmək istəmir. Fikrimcə, əsasən buna görə İrəvan-Tehran münasibətlərinin dərinləşməsini görməzdən gəlir. Üstəlik, Qərb də İranla Ermənistan arasında olan yaxın əlaqələri görməzdən gəlir”.
Vidadi ORDAHALLI