Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq.
Bu sözləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.
Ölkə başçısının sözlərinə görə, Fransa törətdiyi soyqırımlara görə üzr istəməlidi: “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.
“Milyonlarla Əlcəzair vətəndaşı Fransa müstəmləkəçilik siyasətinin qurbanı olub”
Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənov hesab edir ki, Fransa cinayətkar müstəmləkə siyasəti yürüdən ölkə kimi yadda qalıb: “Cinayətkar müstəmləkə siyasəti, insanlara qarşı soyqırımı, törədilən faciələr Fransanın üz qarasıdır. Fransa Afrikanın qərb və cənub ölkələrini özünün müstəmləkəsinə çevirmişdi. Müstəmləkəçilik siyasəti keçirdiyi yerlərdə missioner fəaliyyətlə məşğul olub, əhaliyə xristianlığı zorla qəbul etdirib, Fransız dilində danışmağa məcbur ediblər. Hazırda bir çox Afrika ölkəsinin rəsmi dili fransız dilidir. 1930-cu illərdə işğalçı Fransanın ərazisi 24 milyon kvadrat kilometr olub. Bu isə dünyanın 17.8 faizinə bərabərdir. Fransanın ən çox qırğın törətdiyi ölkə Əlcəzairdir. Milyonlarla Əlcəzair vətəndaşı Fransa müstəmləkəçilik siyasətinin qurbanı olub. Fransa dünya tarixində ən qaniçən, elm adamlarını qətlə yetirən, cinayətkar müstəmləkə siyasəti yürüdən ölkə kimi yaddaşda qalıb. Əlcəzair parlamentariləri 2005-ci ildən Parisdən Əlcəzairdən üzr istəməsini tələb edən qanun qəbul etməyə çalışırlar. 2022-ci ilin oktyabrında Şimali Afrika ölkəsinin aparıcı siyasi qüvvəsi Fransadan 1961-ci ildə Parisdə fransız polisi tərəfindən dinc əlcəzairli nümayişçilərin öldürülməsinə görə də üzr istəməsini tələb edib. İndiki Fransız rəhbərliyinin həyasız insan olduğunu bilmək lazımdır. Ona görə də Parisin üzr istəməsi hələ ki, baş tutmur. Cinayətkar müstəmləkə siyasəti, insanlara qarşı soyqırımı, törədilən faciələr Fransanın üz qarasıdır. O üzdən, Fransa törətdiyi soyqırımlara görə üzr istəməlidir”.
Vidadi ORDAHALLI