Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında deyib ki, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil.
Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə günün içində icra olunduğunu vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycana gəldikdə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmayıb.
Prezident bildirib ki, BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun
Qeyd edək ki, İlham Əliyev bundan əvvəlki çıxışlarında da Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılması vacibliyini vurğulamışdı: “Azərbaycan Hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış edib”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, İkinci Dünya müharibəsinin bitməsinin ardından hərbi-siyasi bloklaşmaların acı fəsadları fonunda sülhün və təhlükəsizliyin əhəmiyyətini daha dərindən dərk edən dünya dövlətləri qoşulmama ideyası ətrafında birləşməyə meyl etdilər: “Qoşulmama Hərəkatı soyuq müharibə dövründə nə ABŞ, nə də Sovet İttifaqı ilə rəsmi şəkildə birləşməyə çalışmayan, lakin müstəqil və ya bitərəf qalmağa çalışan dövlətlərin təşkilatı kimi yaradılıb.
Qoşulmama Hərəkatına sədrlik edən dövlətin BMT Təhlükəsizlik Şurasında daimi üzv olması vacibdir. Ümumiyyətlə, BMT-nin özünün, eləcə də Təhlükəsizlik Şurasının reforması vacibdir. Bunu artıq bir çox dünya dövlətləri səsləndirir. Azərbaycan Prezidenti də BMT-nin reforma olunmasının vacibliyi barədə fikirlər səsləndirib. Türkiyə Cümhurbaşqanı cənab Ərdoğan da "dünya beşdən böyükdür" deyərək, Təhlükəsizlik Şurasının beş daimi üzvünü nəzərdə tutub. Bu məsələ həll olunarsa, Qoşulmama Hərəkatının dünyada nüfuzunun artmasına səbəb olacaq. Onsuz da bu hərəkat dünyada ən çox üzvü olan ikinci təşkilatdır. BMT-dən sonra ən nüfuzlu beynəlxalq qurumdur. Azərbaycanın rəhbərlik etdiyi dönəmdə Qoşulmama Hərəkatı özünün ikinci nəfəsini qazanıb, ikinci həyatını yaşayır. Azərbaycanın təşəbbüsü ilə yeni-yeni qurumlar yaradılıb, müxtəlif təşəbbüslərlə çıxış olunub”.
Ekspert hesab edir ki, Təhlükəsizlik Şurası 2-ci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq formalaşıb: “Amma dünya çox dəyişib. Yeniliklərə ehtiyac var. BMT Təhlükəsizlik Şurasının üzvü olmağa tam haqqı çatan ölkələr çoxdur. Qoşulmama Hərəkatının hansısa bir formada BMT Təhlükəsizlik Şurasında təmsil olunmasına ciddi ehtiyac var. Burada həm də söhbət yüzlərlə ölkədən gedir. Təhlükəsizlik Şurasının daimi üzvlüyündə ərəb, müsəlman ölkələrindən biri də yoxdur. Heç olmasa bu təşkilat çərçivəsində növbəlilik əsasında Qoşulmayanlar Hərəkatı üzvlüyə iddia edə bilər. Beş daimi üzv buna asanlıqla icazə verən deyil. Bir-birilə münasibətləri yaxşı olmasa da, bu monopoliyanı qorumaqda maraqlıdırlar”.
Prezidentin Qoşulmama Hərəkatının BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması barədə fikirləri çox ədalətli bir təklifdir. Çünki Təhlükəsizlik Şurasının veto qoymaq hüquqlarına malik olan daimi üzv dövlətləri dəfələrlə sülhü pozublar, BMT-nin təməl prinsiplərinə zidd hərəkət ediblər. Belə çıxır ki, yalnız böyük imperiyaların varisi olan ölkələr dünya nizamında söz sahibi olmalıdır? Bu, ədalətli yanaşma deyil!
Məhəmmədəli QƏRİBLİ