Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə deyib ki, İrəvan sülh sazişi layihəsi ilə və sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işinin reqlamenti ilə bağlı Bakıya verdiyi təklifə cavab gözləyir.
O, sülh sazişinin mətni ilə bağlı təklifin fevralda Azərbaycan tərəfinə verildiyini və bugünə qədər cavab alınmadığını vurğulayıb. Baş nazir cavabın hazırlanmasının zaman tələb etməsi səbəbilə bunu normal saydığını deyib:
“Razılaşma üzərində iş davam edir və bu iş şəxsi görüşlərdən ayrı şəkildə aparılır”.
Onun sözlərinə görə, lazım olan sənədlər hazırlanır və bunun üçün şəxsi danışıqlar lazım deyil.
Paşinyan qeyd edib ki, yaxınlarda İrəvan delimitasiya üzrə işçi qrupun işinin reqlamenti layihəsini təqdim edib və cavab gözləyir:
“Regional kommunikasiyaların açılması və sərhəddə təhlükəsizliyin təmin edilməsi ilə bağlı təklif qüvvədə qalır”.
Məlumdur ki, Paşinyan müharibədən sonra sülh sazişinin imzalanmasını müxtəlif bəhanələrlə ləngidir. Xüsusilə də sərhədlərin dəqiqləşməsində qeyri-konstruktivlik ortaya qoyur. İndi isə güya özünü sülhə meylli kimi göstərməklə blefə yol verir. Onun bu açıqıamasını nə dərəcədə səmimi qəbul etmək olar?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son dönəmlər danışıqlar müddətində Azərbaycanın mövqeləri itir: “Lavrovun Bakıya səfəri, burada açıq şəkildə " Laçın dəhlizi üçtərəfli razılaşma ilə qəbul edilib, heç bir buraxılış məntəqəsinə ehtiyac yoxdur" deməsi, Mirzoyanın, Paşinyanın çıxışları, bütün bunların hamısı Azərbaycan mövqelərinin qorunmasına qarşı əks təsir hesab olunur. Düzdür, Xocalıda olan rəsmi Bakı nümayəndələri ilə ordakı ermənilərlə görüşünü müsbət qiymətləndirirəm. Amma ümumiyyətlə, bizim keçənilki sentyabr əməliyyatından sonra bütün cəbhəboyu sakit durmağımız, görünür ki, diplomatik cəbhədə ermənilərin cəsarətlənməsinə gətirib çıxarıb. Ona görə də, Paşinyanın Azərbaycana sülh təklifi göndərməsini gözləyirik. Təbii ki, ermənilər öz maraqlarına uyğun sülh təklifini göndərirlər və orada Qarabağın Azərbaycan ərazisi olduğunu bildirib-bildirməmələri sual altındadır. Düşünürəm ki, onlar Qarabağdan rəsmən imtina etdiklərini bildirməyiblər. Belə olduğu halda, nə üçün Azərbaycan cavab verməlidir? Əgər Azərbaycan cavab vermirsə, demək Azərbaycanın maraqlarına cavab verməyən bir sülh təklifidir bu. Ermənilərin Qarabağı Azərbaycan ərazisi kimi tanımadan hansısa sülh təklifini imzalaması Azərbaycanın maraqlarına ziddir. Azərbaycanın döyüş meydanında əldə etdiyi uğurların diplomatik masada əldən verilməsi deməkdir. Buna yol vermək olmaz. Zəngəzurdan biz qətiyyən imtina etməməliyik. Ora dəhliz kimi olmalıdır, ermənilərin nəzarətində olmamalıdır. Laçın yol kimi olmalıdır və o yola da Azərbaycan nəzarət etməlidir. Müharibəni Azərbaycan qazanıb, uduzan tərəfin də prifensiyaları olmalıdır. Bu hər yerdə belədir. Udan tərəf uduzan tərəflə bərabərhüquqlu olursa, o zaman bu, udan tərəfin döyüş meydanında əldə etdiyi bütün qələbələrin diplomatik masada əldən verilməsi deməkdir. Buna da qətiyyən imkan vermək olmaz, xalq tərəfindən də birmənalı qarşılanmaz. Biz Ermənistanı öz şərtlərimizi qəbul etməyə məcbur etməliyik. Onların təkliflərini gözləsək, özlərinə xeyir edənləri qeyd etməklə prosesi bir qədər də uzadacaqlar. Paşinyan bu məsələdə qeyri-səmimidir. O çalışır ki, proses uzansın”.
Məhəmmədəli QƏRİBLİ