Yerli və beynəlxalq təcrübənin öyrənilməsi göstərir ki, bir ölkə xalqının həmrəyliyində tarixi inkişafının bütün kursundan təsirlənən milli ideya böyük rol oynayır. Universal milli fikrinin olmaması yad qüvvələrin istənilən ölkədə siyasi, iqtisadi sabitliyi, birliyi pozmasını asanlaşdırır, cəmiyyətin təməlləri bu halda ciddi müqavimət olmadan məhv edilir.
Qloballaşma dövründə beynəlxalq münasibətlər sistemində belə cəhdlərə getdikcə daha çox rast gəlinir.
Azərbaycançılıq ideyasının möhtəşəm funksiyası
Milli fikir səviyyəsinə yüksələn ideya 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə Azərbaycanın dünya birliyinə layiqli şəkildə qoşulmasına, ölkənin mürəkkəb geosiyasi proseslərdə optimal iştirakına töhfə verən başlıca faktorlardan biri idi. Bu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyası idi. Bu milli ideya bütün cəmiyyətin və hər bir Azərbaycan vətəndaşının inkişafdan faydalanması üçün ölkənin daha mütərəqqi tərəqqisini təmin etmək üçün qloballaşma problemlərinə uyğun və layiqli bir cavab xarakteri daşıyırdı.
Azərbaycançılıq milli ideyasının məzmunu, bütün cəmiyyətin hər vətəndaşlnın, etnik və konfessiya mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün sakinlərinin xeyrinə sosial-iqtisadi inkişafı təmin etmək üçün bütün xalqın istəyini özündə əks etdirirdi. Milli dövlətin yaradılması kimi komponentlər bu ideyanın məzmununa daxil edilmişdi. Cəmiyyətin bütövləşməsi azərbaycançılıq ideologiyasının əsas məzmununu təşkil edir, milli həmrəyliyin aparıcı amili kimi özünü büruzə verirdi. Amma bu ideyanın sərhədləri Azərbaycandan daha böyük coğrafiyanı da əhatəedirdi və bu gün də belədir. Məsələ buraındadır ki, azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi çıxış edir. Bu ideya azərbaycanlıların həyatının formasını özündə əks etdirən, həm də onu müsbətə doğru dəyişdirməyə yönəlmiş fəaliyyət formasıdır. Azərbaycançılıq ideyasının funksiyası dünya azərbaycanlılarının istəkləri, xalqın yaxın gələcəkdə nail olmaq istədiyi hədəfləri ifadə etməkdir. Bu milli ideya Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımız tərəfindən qəbul edilir və da sözügedən ideyanın təsir gücünün böyüklüyünü göstərir. Bu mənara birmənalı həqiqətdir ki, ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Bu təməl milli dövlətçiliyin daha da inkişafı, demokratik islahatların dərinləşməsi, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, Vətənə, mədəniyyətə və dilinə daim xüsusi diqqət kimi komponentləri də özündə ehtiva edir. Həmçinin Azərbaycan cəmiyyətinin modernləşdirilməsinin əsas elementi kimi milli ideya ölkədə yeni bir siyasi mədəniyyətin yaranmasının vacib tərkib hissəsi kimi özünü göstərir. Milli təhlükəsizliyin təmin edilməsi üçün də bu ideyanın dominantlığı özünü qabarıq büruzə verir. Çünki azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək kimi məqamların məcmusunu da özündə birləşdirir. Ümumilikdə xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməl hesab edilir.
Düşüncələrdə dövlət-cəmiyyət-insan sintezini yaradan ideya
Azərbaycanda milli ideyanın inkişafı vətəndaş cəmiyyətinin formalaşması, şəxslərin demokratikləşmə kimi məqamlarla da əlaqələndirilir. Azərbaycan şəraitində milli ideyanın mahiyyətini ifadə edən məqamlardan biri məhz budur. Burada qeyd etmək lazım gəlir ki, Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası və onun məzmununa daxil edilmiş əsas prinsiplər 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Bu normalar, ilk növbədə, hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi kimi ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirakını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət qurulmasını, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, ümumbəşəri dəyərlərə sadiqliyi və digər belə halları özündə ehtiva edir.
Bu gün də Azərbaycan dövlətinin azad, ədalətli, demokratik, siyasi plüralizmin, tolerant mühitin, multikultural dəyərlərin hökm sürdüyü, vətəndaş cəmiyyətinə malik bir ölkə kimi tərəqqisinin ideya əsasını məhz azərbaycançılıq təşkil edir. Sözügedən fonda dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşları qanun və ədalət qarşısında bərabərdir. Bu da azərbaycançılıq ideyasının dinamik inkişafını və hamı tərəfindən qəbul edilməsini şərtləndirir. Vətəndaşlarımızın zehnində, anlayışlarında dövlət, cəmiyyət, insanlar sintezi azərbaycançılıq ideyası sayəsində dərin kök salıb. Bu, cəmiyyətin və dövlətin tərəqqisi üçün xüsusilə önəmlidir. Bütün bunlardan göründüyü kimi, azərbaycançılıq ideologiyasının təməlində ilk növbədə, güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi, ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini özünün güvənc yeri sayması kimi ali dəyərlər dayanır. Bu da ölkənin inkişafının möhkəm ideoloji əsasını yaratmaqla Heydər Əliyevin Azərbaycana ən böyük xidmətlərindən biridir.
Tahir TAĞIYEV Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.