Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Qarabağın erməni əhalisi ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, görüş zamanı erməni əhalinin elektrik enerjisi və qaz təchizatının təminatının bərpası ilə bağlı razılığa gəlinib.
Qeyd edək ki, görüşlə bağlı Azərbaycanın hər hansı açıqlaması yoxdur. Bu artıq Qarabağ erməniləri ilə ikinci təmasdır. Birincini ekoloqlarımız etmişdi. Azərbaycan Qarabağ erməniləri ilə təmaslar qurmağa hər an hazır olduğunu bildirib. Təbiidir ki, Azərbaycanı bu danışıqlarda istənilən dövlət rəsmisi təmsil edə bilər. Bəs erməni icmasını kimlər təmsil edəcək və bu adamlar hansı parametrlərə sahib olmalıdır? Bəllidir ki, Azərbaycan əli xalqımızın qanına batmış adamlarla bir masa ətrafında əyləşib, nəyisə müzakirə edə bilməz.
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, Bakı Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müzakirəsinə hazırdır: “Prezident İlham Əliyev fevralın 18-də Münhendə Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-nin dövlət katibi Entoni Blinkenlə üçtərəfli görüşdən sonra bununla bağlı ilkin şərtini açıqlayıb.
Prezident Əliyev görüşdən sonra İki istiqamətdə ümumi anlaşmanın olduğunu bildirdi. Söhbət Ermənistan-Azərbaycan sülh danışıqları və Azərbaycanla Qarabağın erməni əhalisi arasında təmaslardan gedir.
Ancaq Əliyev özünü Qarabağın “dövlət naziri” adlandıran Ruben Vardanyanla danışıqları istisna etdi, onun Qarabağa “kontrabanda yolu ilə” yerləşdiyini dedi. Prezident dedi ki, biz danışıqları aparmağa hazırıq, ancaq Qarabağda doğulan və orada yaşayan erməni icması ilə, Rusiyadan göndərilən şəxslə deyil. Erməni icmasını bu formatda olan danışıqlarda ancaq Qarabağda doğulmuş və orada yaşayan ermənilər apara bilər. Əli qana batmış, müharibə cinayətləri törətmiş şəxslərdən heç biri bu danışıqlarda təmsil oluna bilməz. Laçın azad ediləndə biz müəyyən qədər Balasanyanı yaxına buraxdıq ki, bizim generallarla danışıq aparsın. Laçın şəhəri və Sus kəndinin boşaldılmasında onun rolu oldu ki, ermənilər oradakı evləri dağıtmadan, yandırmadan çıxsınlar. İndiki formatda isə nə Balasanyan, nə də Araik Arutunyan kimi adamlar olacaq. Azərbaycanın çoxdan tanıdığı ermənilər var. Onların adları, nəsil və şəcərələri ilə bağlı məlumatlar bizim statistika idarəmizdə var. Belə nəsillərin təmsilçiləri ilə biz Qarabağdakı ermənilərin təmsilçisi kimi danışıqlar apara bilərik. Danışıqlar hələ ki, icmanın təmsilatı müəyyənləşənə qədər qeyri-rəsmi formatda aparılacaq. Təmsilçilər səviyyəsində format müəyyənləşəndən sonra danışıqlar siyasi səviyyəyə yüksələ bilər. Orada Azərbaycan siyasi hakimiyyətinin nümayəndələri də iştirak edə bilər. Artıq onlar başa düşür ki, dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bizim suverenliyimiz Qarabağın ermənilər yaşayan hissəsinə də şamil edilir. Onlar reallıqları qəbul etmək istəməsələr də, şərtləri biz diqtə edirik. Biz onları bir şərtlə vətəndaşlığa qəbul etmək istəyirik ki, onlar həmin ərazilərdə doğulublar və həmin ərazilərdə faktiki olaraq yaşayırlar. Hazırda Qarabağda kənardan gəlmiş o qədər erməni var. Təbiidir ki, belələri icma adından danışıq apara bilməz. Söhbət Ermənistanla razılaşdırılmış mövqedən gedir ki, Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı məsələ Azərbaycan Konstitysiyası çərçivəsində həll edilməlidir”.
Məhəmmədəli QƏRİBLİ