Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasında bəyan etdi ki, müharibə vaxtı Ermənistanda fərarilərin sayının 11 minə çatması onların uduzmağı ilə bağlı deyildi:
“44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. Ermənistanda isə fərarilərin sayı 11 minə çatmışdı. Niyə? Ona görə yox ki, onlar döyüş meydanında uduzurdular. Ona görə ki, onların apardığı müharibə işğalçı müharibə idi. Ermənistanda doğulmuş insanlar üçün Azərbaycana gedib onlara aid olmayan torpaqdan ötrü müharibə etmək həvəsi yox idi. Bizim torpaqların azadlığı uğrunda apardığımız müharibənin nəticəsi əsas amilin həvəs olduğunu göstərdi. Silah vacibdir, taktika da vacibdir, planlaşdırma çox vacibdir. Lakin ən önəmli olan həvəsdir. Azadlıq istəyən xalqı işğal etmək mümkün deyil. Necə ki, biz 28 il gözlədik, onlar da gözləyə bilərlər”.
“Ancaq Ermənistanda əsgər anaları buna etiraz edirdilər və açıq deyirdilər ki, uşaqlarımız Qarabağda ölməməlidir”
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesab edir ki, ölkə başçısının dəyərləndirməsi reallığı əks etdirir: “Bütün bunlar həqiqəti əks etdirən fikirlərdir. Ona görə ki, iki il əvvəl Ermənistan ordusu zorən müharibəyə sürükləndi. Onlar Ermənistan ərazisi olmayan torpaq uğrunda vuruşub ölmək istəmirdilər. Ona görə də fərari olmağı üstün tuturdular. Tam əminliklə deyərdim ki, Ermənistan ordusunda fərarilərin real sayı 11 min nəfərdən çox olub. Sadəcə, Ermənistan tərəfi daha da biabır olmamaqdan ötrü fərarilərin real sayını gizlədir. Ermənistan ordudakı nöqsanları ört-basdır etmək üçün müxtəlif xarici dövlətlərdən muzdlu döyüşçülər gətirmişdi. Ancaq bu da onlara imkan vermədi ki, işğal altında saxladıqları əraziləri əllərində saxlasınlar. Ötən 30 il ərzində Ermənistan Qarabağda çox güclü müdafiə xarakterli mühəndis istehkam qurğuları yaratmışdı. Bütün dağlar, əlverişli yüksəkliklər ermənilərin əlində idi. Ancaq bunların heç biri onları xilas edə bilmədi. Niyə? Ona görə ki, Ermənistan işğalçı tərəf idi. Düşmən əsgərlərində döyüşmək üçün motivasiya yox idi. Üstəlik, ötən 30 il ərzində Ermənistan işğalı legitimləşdirə bilmədi. Bütün dünya, beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Azərbaycan əsgərlərini isə döyüşdə bir amal birləşdirirdi - ərazilərimizi işğaldan azad etmək. Ancaq Ermənistanda isə əsgər anaları buna etiraz edirdilər. Açıq deyirdilər ki, uşaqlarımız Qarabağda ölməməlidir. Bütün bunlar nəticə etibari ilə Ermənistan ordusunda fərarilərin sayını daha da artırdı. Bu da tamamilə yeni reallıqların yaranmasına səbəb oldu”.
Vidadi ORDAHALLI