Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışında deyib ki, Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə dəyişdi. Amma bunun Azərbaycana birbaşa təsiri olmadı:
“Mən deyərdim ki, vəziyyət bizə birbaşa təsir göstərməyib. Ümumi geosiyasi vəziyyət tamamilə dəyişib. Yəqin ki, biz bir daha Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxtlara qayıtmayacağıq”.
Göründüyü kimi, ölkə başçısı Ukrayna hadisəsinin geosiyasi təsirləri olsa da, Azərbaycana ciddi təsiri olmadığını bildirir. Gələcəkdə bu müharibənin Azərbaycana hansısa formada təsiri ola bilərmi?
Fərəc Quliyev: “Müharibənin yalnız silah satan ölkələrdən başqa heç kimə xeyri olmur”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində müharibənin təsiri hamıya olub: “Ola bilər ki, Azərbaycan üçün bir qədər fərqli fəsadı var. Azərbaycan üçün hətta bu müharibədən sonra bir sıra faydalı logistik imkanlar da yarandı. Ancaq bu bizi sevindirmir. Çünki biz sülhü təbliğ edən ölkəyik. Biz başqa ölkələrin bədbəxtliyi üzərində öz xoşbəxtçiliyimizi qurmaq istəmirik. Azərbaycan yurutduyu uğurlu xarici siyasət hesabına müharibə tərəfləri ilə balansı qoruya bilir. Ancaq bu o demək deyil ki, müharibənin davamı bizim üçün fəsadsız ötüşəcək. Belə gedərsə, müharibə daha ağır bir mərhələyə qədəm qoyacaq. Ağır silahlardan istifadə oluna bilər. Təbiidir ku, region kimi bunun bizə ziyanı dəyəcək. Bir sözlə, müharibənin yalnız silah satan ölkələrdən başqa heç kimə xeyri olmur”.
Günay Hüseynova: “Neft və qazın qiyməti qalxıb ki, bu da əksinə olaraq Azərbaycanın enerji ixracından əldə etdiyi gəliri artırır”
İqtisadçı Günay Əliyeva isə qəzetimizə bildirdi ki, müharibənin doğrudan da Azərbaycana ciddi mənfi təsiri olmayıb: “Əksinə, göstəricilər onu deməyə əsas verir ki, müharibənin mənfi iqtisadi nəticələri və Rusiyaya tətbiq olunan sanksiyalar səbəbindən Azərbaycan pul köçürmələrinin azalması, müharibə edən tərəflərlə ticarət dövriyyəsinin azalması, buğda idxalı problemləri və ərzaq məhsullarının bahalaşması ilə üzləşib. Neft və qazın qiyməti qalxıb ki, bu da əksinə olaraq Azərbaycanın enerji ixracından əldə etdiyi gəliri artırır. Yüksək neft və qaz qiymətləri öz növbəsində ticarət profisitini genişləndirərək Azərbaycan iqtisadiyyatını müharibədən qaynaqlanan iqtisadi problemlərə qarşı daha dayanıqlı edir. 2022-ci ilin ilk dörd ayında Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirlər təxminən 3,7 dəfə artaraq 4,18 milyard dollara çatıb. Neft ixracından əldə edilən gəlirlər isə eyni dövrdə 50,3% artıb. Nəticədə 2022-ci ilin birinci rübündə tədiyə balansının müsbət saldosu 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 4,8 dəfə artaraq 1,57 milyard dollara çatıb.
Neft və qazın yüksək qiyməti Rusiya-Ukrayna müharibəsinin Azərbaycan üçün yaratdığı iqtisadi üstünlükdür. Lakin yüksək enerji gəlirləri ilə yanaşı, müharibə səbəbindən Azərbaycan bir sıra iqtisadi çətinliklərlə də üzləşir.
Müharibə edən tərəflər, xüsusən də Rusiya Azərbaycanın idxalının böyük hissəsini təşkil edir. 2021-ci ildə Azərbaycanın idxalında Ukrayna və Rusiyanın ümumi payı təxminən 22 faiz təşkil edib. Azərbaycan Ukraynadan 470 milyon dollar, Rusiyadan isə 2,74 milyard dollar dəyərində mal idxal edib.
Ancaq buna baxmayaraq, Azərbaycan tezliklə sülhün bərqərar olmasını arzulayır. Çünki müharibənin uzanması heç kimə fayda vermir. Arzu edək ki, tezliklə sülh olsun”.
Məhəmmədəli QƏRİBLİ