“Beynəlxalq ictimaiyyət 44 günlük müharibənin nəticələrini tanıyıb”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı deyib.
“Biz müharibə apardıq. Bu müharibənin nəticələri beynəlxalq ictimaiyyət və erməni cəmiyyəti tərəfindən tanınıb. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandat oldu. Bu mandat sülhün bərqərar olması üçün idi. Ona görə bizə gələcəyə baxmaq lazımdır”- deyə Prezident Əliyev qeyd edib.
Azərbaycan Prezidentinin beynəlxalq tribunada açıqladığı fikirlərə, gətirdiyi arqumentlərə erməni baş nazir Paşinyan heç bir söz deyə bilmədi. Susdu, susmağı ilə Azərbaycan Prezidentinin haqlı olduğunu təsdiqlədi.
Danışıqlar prosesində bu fakt hansı rolu oynayacaq?
“...Danışıqlar prosesində müzakirələr dörd vacib məsələ ətrafında həyata keçirilir”
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan Prezidenti reallıqdan çıxış edib: “Prezidentin fikirləri İkinci Qarabağ müharibəsindən sonrakı real proseslərə əsaslanır. Belə ki, Prezident qeyd edir ki, 44 günlük müharibənin nəticələri dünya birliyi, beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Bununla onu nəzərdə tutur ki, məsələn, məlum olduğu kimi, iki ildən artıq bir müddətdə Ermənistan və Azərbaycan arasında problemin həlli ilə bağlı iki formatda danışıqlar prosesi həyata keçirilir. Yəni Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə bu proses baş tutub. Daha sonra ABŞ da prosesə qoşuldu. ABŞ ancaq Brüssel formatına yardımçı olaraq qoşulmuşdu. Hər iki formatda, yəni həm Brüssel, həm də Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar prosesində müzakirələr dörd vacib məsələ ətrafında həyata keçirilir. Diplomatik gündəlik dörd vacib elementdən ibarətdir. Bunlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasının həlli, daha sonra regional kommunikasiyaların açılması və humanitar məsələlərlə bağlıdır. Bildiyiniz kimi, nə Brüsselin, nə Moskvanın vasitəçiliyi ilə aparılan danışıqlar prosesində Qarabağda yaşayan ermənilərin status məsələsi danışıqların predmeti olub, nə də İkinci Qarabağ müharibəsindən əvvəl mövcud olan məsələ formasında ATƏT-in Minsk qrupu hər hansı bir fəaliyyət göstərə bilib. Azərbaycanın rəsmi mövqeyi bundan ibarət olub ki, münaqişə başa çatıb və ATƏT-in Minsk qrupununa heç bir halda ehtiyac yoxdur. Azərbaycanın birmənalı qəti mövqeyindən sonra ATƏT-in Minsk qrupu, demək olar ki, faktiki fəaliyyətini başa çatdırıb”.
Danışıqların əsasən qeyd edilən dörd element ətrafında aparıldığını təkrar vurğulayan ekspert hesab edir ki, Prezidentin bəyan etdiyi kimi, həqiqətən də beynəlxalq ictimaiyyət, dünya birliyi, dünyanın vacib dövlətləri İkinci Qarabağ müharibəsindən sonra formalaşmış yeni reallıqları tanıyır. “Təbii, bir sıra aparıcı dövlətlər, konkret olaraq deyək ki, Fransa kimi ölkələr var ki, onlar yenidən gündəliyi dəyişmək istəyirlər, pozucu mövqe nümayiş etdirirlər. Hesab etmirəm ki, o da regionda formalaşmış relallıqlara hər hansı ciddi təsir göstərsin”.
Leyla QARAXANLI