2023-cü ilin yanvar ayında Azərbaycan 1,398 milyard dollar dəyərində 2,246 milyon tondan çox xam neft və neft məhsulları ixrac edib.
Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsindən bildirilib.
Azərbaycan neftinin 3 ən böyük idxalçısı siyahısında birinci yeri İtaliya tutur (538,334 milyon dollar dəyərində 848 983 ton), ikinci yerdə İsrail (237,065 milyon dollar dəyərində 381 940 ton), daha sonra isə Almaniya (91,719 milyon dollar dəyərində 145 941 ton) dayanır.
Cədvəldə 2023-cü ilin yanvar ayında Azərbaycanın xam neft və neft məhsullarının 10 ən böyük idxalçıları qeyd olunub.
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə - Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb. Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına nəql olunur.
İlk onluqda olan ölkələrdən diqqətimizi Hindistan çəkdi. Bəllidir ki, bu ölkə bizdən uzaq coğrafiyada yerləşsə də, Ermənistanla xüsusilə də hərbi sahədə sıx əməkdaşlıq edir, İrəvana özünün istehsalı olan ən müsair silahları satır.
Çox qəribədir ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi uğurdan sonra bəzi ölkələrin ölkəmizə olan münasibəti koordinal şəkildə dəyişdi. Xüsusilə də, Fransa, İran, Hindistan kimi ölkələr Ermənistana daha güclü və hərtərəfli dəstək verməyə başlayıb.
Azərbaycan-Pakistan islam həmrəyliyi fonunda ölkəmiz uzun illərdir regionda Hindistanın əsas ticarət tərəfdaşı olub və bu gün də belədir. “Azərbaycan-Pakistan qardaşlığı” Hindistana bəlli ola-ola ölkəmizlə rəsmi Dehli arasında iqtisadi əlaqələr artmaqda davam edib. 2018 və 2019-cu illərdə müvafiq olaraq bu ölkənin xarici işlər nazirləri, 2019-cu ildə vitse-prezident Venkaiah Naidu Azərbaycana səfər edib. Lakin 30 illik Ermənistan-Hindistan diplomatik münasibətləri tarixində Hindistanın xarici işlər naziri ilk dəfə olaraq Vətən müharibəsindən 11 ay sonra - 2021-ci ilin oktyabrında Ermənistanda olub.
Vətən müharibəsindən sonra Azərbaycanın Hindistanla Pakistan arasında mövcud olan problemin həll edilməsinə dair mövqeyində heç bir dəyişiklik olmayıb. Bundan öncə də Azərbaycanın Cammu və Kəşmirlə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanıb.
Nədənsə, Hindistanın yadına düşməyən Ermənistan 44 günlük müharibədən sonra qəflətən rəsmi Dehlinin gündəliyinə gəlib. Hindistan rəsmiləri İrəvana səfərlər etməyə və əməkdaşlığı genişləndirməyə başladı. Bununla yanaşı, Azərbaycanın imkanlarının bloklanması ilə bağlı təşəbbüs göstərməyə başlayıb. Bu həm də onların Ermənistanla hərbi sahədə əməkdaşlığı ilə müşaiyət olunur.
Hindistanın bu cür davranışlarına heç cür haqq qazandırmaq olmaz. Çünki bu ölkə bizə qarşı açıq qərəz nümayiş etdirir. Onda isə ortaya sual çıxır: biz niyə dünyada bir çox ölkənin müştərisi olmaq istədiyi xam nefti Hindistan kimi qərəzli münasibət sərgiləyən ölkəyə satmalıyıq?
Belə çıxır ki, Hindistan özünə lazım olanı bizdən alır, ancaq silahı da bizimlə müharibə edən düşmənimiz Ermənistana satır. Bu düzgün ticarət olmamaqla yanaşı, həm də dövlətlərarası münasibətlərə xələl gətirir. Məz buna görə də, biz də ölkə olaraq öz xam neftimizin Hindistana satışını dayandırmalıyıq. Onsuz da həmin məhsulu bizdən istənilən sayda ölkə almaq istəyəcək.
Məhəmmədəli QƏRİBLİ