Ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir.
Bu barədə Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada bildirib. Dövlət başçısı qeyd edib ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək.
Cənub Qaz Dəhlizinin genişləndirilməsində təşəbbüskarlıq Azərbaycanındırsa, bunun genişləndirilməsi üçün Avropa dövlətlərinin nə kimi dəstəyinə ehtiyac olacaq? Çünki Azərbaycandan tələb olunan əsas məsələ ixrac olunan qazın həcmini artırmaqdır. Azərbaycan da bunu edir. Bəs kəmərin ötürücülük qabiliyyətinin artırılması sahəsində Avropa dövlətləri Azərbaycana necə dəstək verməlidilər?
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Aydın Hüseynov hesab edir ki, bununla bağlı Avropa dövlətləri bir sıra işlər görməlidilər: “Məlum olduğu kimi, Prezident İlham Əliyev bu barədə öz fikirlərini səsləndirib. Digər tərəfdən, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqla əlaqədar addımlar atır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın çox böyük qaz eytiyatları var. Təkcə təsdiq olunan qaz ehtiyatlarımız 3 trilion kubmetrə yaxındır. Azərbaycan Avropaya qaz ixracını 2 dəfəyədək artırmağı planlaşdırır. Bunun üçün əlbəttə ki, Cənub Qaz Dəhlizi kəmərinin ötürücülük qabiliyyəti artırılmalıdır. Ona görə də Avroittifaq kəmərin genişləndirilməsi ilə bağlı vasitələri təmin etməlidir. Ən başlıcası, Aİ kəmərin ötürücülük qabiliyyətinin artırılması ilə bağlı vəsait ayırmalıdır. Nəzərə almaq lazımdır ki, Cənub Qaz Dəhlizi bir neçə seqmentdən ibarətdir. Boru kəməri Azərbaycandan başlayaraq bir sıra ölkələrin ərazisindən keçir. Ona görə də bütün bu ölkələrin ərazisində kəmərin ötürücülük qabiliyyəti artırılmalıdır. Vəsaitlə yanaşı, iştirakçı ölkələr işləri sürətləndirmək üçün hərtərəfli işlər görülməlidir. Prosedurların sadələşdirilməsindən tutmuş, işi görəcək podratçı şirkətlərin müəyyən olunmasına qədər bir sıra işlər görülməlidir. Yəni, bu, kompleks şəkildə işlərin görülməsini özündə ehtiva edir. Nəzərə alsaq ki, Avropada qaza böyük tələbat var, o zaman kəmərin keçdiyi hər bir ölkə bununla bağlı üzərinə düşən işləri icra etməlidir. Hesab edirəm ki, o zaman Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılması ilə bağlı işlər sürətlənəcək”.
Vidadi ORDAHALLI