Ruslan Atakişiyev: “Bankların problemli kreditlərinin həcminin artması kreditləşməyə təsir göstərən əsas amillərdən biridir”
2017-ci ilin 1 iyul tarixinə iqtisadiyyata maliyyə-kredit təşkilatlarının təqdim etdiyi kreditlərin həcmi 2016-cı ilin 1 iyul tarixinə nisbətən 24,7 faiz azalaraq 13,882 mlrd. manat təşkil edib. Bu barədə Azərbaycanın 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində qeyd edilib.
Cari il iyulun 1-nə milli valyutada verilən kreditlərin cəmi kreditlərdə payı 57,3% olub.
Sənəddə vurğulanıb ki, ötən illərdə həyata keçirilmiş devalvasiyalar və manatın dollar qarşısında dəyərdən düşməsi, həmçinin, bankların xarici valyutada kreditlərə üstünlük verməklə öz risqlərini azaltmağa cəhd etməsi və konvertasiya amili ilə əlaqədar olaraq, 2017-ci ilin 1 iyul tarixinə milli valyutada verilən kreditlərin həcmi 2016-cı ilin analoji dövrü ilə müqayisədə 16,8 faiz, xarici valyutada verilən kreditlərin həcmi isə 33,2 faiz azalıb.
Ekspertlərin fikrincə, xarici valyuta ilə verilən kreditlərin həcminin 33 faiz azalması gözlənilən idi. Onların sözlərinə görə, manatın məzənnəsinin xarici valyutaya nisbətən dəyərdən düşməsi kreditlərin verilişinə təsir göstərib.
İqtisadçı-ekspert Ruslan Atakişiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, xarici valyuta ilə verilən kreditlərin həcminin azalması gözlənilən idi: “Kredit verilişinin azalması ilk növbədə sahibkarlıq sahəsinə təsir göstərəcək. Bəllidir ki, banklar əvvəlki dövrlərdə yüksək faizlə verdikləri kreditləri geri almaqda çətinlik çəkirlər. Bankların problemli kreditlərin həcmi artdığı üçün, bu, birbaşa kreditləşməyə təsir göstərir. O baxımdan kredit portfelində də azalmanın olması əslində gözlənilən idi".
Həmsöhbətimizin sözlərinə görə, bankların vəziyyətinin normal olmadığı aydındır: “Götürülən kreditlərin qaytarılmasında yaranan yubanmalar nəticəsində problemli kreditlərin həcmi günü-gündən artıb. Devalvasiyadan sonra qaytarılmayan kreditlərin həcmi artdıqca, banklar daha ehtiyatlı siyasət yürütməyə başladı. Eyni vaxtda, əhali də daxil, potensial bank əmanətçilərinin banklara inamı azaldı. Nəticədə vəsait cəlbolunma dinamikasında kəskin azalma müşahidə edildi".
Günel CƏLİLOVA