Avropada qazın qiyməti ilin əvvəlindən bəri artır. Bu artım özünü hər ay göstərib. Nəticədə rekord səviyyə əldə edilib. İl başlanandan 1000 kubmetr mavi yanacağın qiyməti 5 dəfədən çox bahalaşaraq, hazırda 1100 ABŞ dollarından yuxarıdır. Güman edilir ki, qış gələndən sonra qiymətlər daha da artacaq.
Bütün bunlarla yanaşı, neftin dünya bazar qiymətləri də yüksəlir. Məsələ ondadır ki, vaksinləşdirmə prosesi artıq nəticələrini göstərir. Məhdudiyyətlərin aradan götürülməsi, iqtisadiyyatda bərpa proseslərinin getdikcə sürətlənməsi və s. kimi amillər qiymətlərə öz təsirini göstərir. Nəticədə tələbat artır və qiymətlər də yüksəlir. Bütün bunlar ölkəmiz üçün əlverişlidir. Ona görə ki, neftin və qazın bahalaşması gəlirlərimizi artırır. Təkcə bu ilin yanvar-avqust aylarında Azərbaycan 8 milyard 498 milyon dollar dəyərində xam neft ixrac edib. Büdcədə neftin qiymətini 40 dollardan götürmüşük, dünya bazarlarında həmin rəqəm 80 dolları keçib. Bu isə o deməkdir ki, təkcə xam neftdən 200 faiz həddində gəlir götürürük. Bütün bunlar işğaldan azad edilən rayonların daha tez bərpa olunmasında, Cənub Qaz Dəhlizinə qoyulan vəsaitin daha tez geri götürülməsində nə kimi rol oynaya bilər?
“Artıq bir sıra ölkələrin şirkətləri fəaliyyətə başlayıb və praktiki olaraq bərpa prosesində iştirak edirlər”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, neft gəlirlərinin artması hər iki sahədə işlərin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsinə təkan verəcək: “Əvvəla, büdcədə neftin qiymətinin aşağı götürülməsi çox müdrük iqtisadi siyasətdir. Deyərdim ki, bu cür yanaşma dayanıqlı iqtisadiyyatın əsasıdır. Azərbaycanın neft strategiyası çox uğurludur və Norveç modelinə bənzəyir. Norveç modeli də dünyada özünü doğrultmuş iqtisadi model hesab olunur. Son dövrlər neft gəlirlərinin durmadan artması Azərbaycanın valyuta gəlirlərini artırır. Düzdür, ölkədə neft hasilatı ilbəil azalır, amma qiymətlərin yüksək olması hasilat xərclərini kompensasiya edir. O cümlədən, daha çox xalis gəlirin əldə edilməsinə zəmin yaradır. Bu da bizə imkan verir ki, azad olunan ərazilərin bərpa prosesinə, yenidənqurma işlərinin sürətləndirilməsinə daha çox vəsait ayıra bilək. Məsələn, bu ilin dövlət büdcəsində azad olunan rayonların bərpasına 1,3 milyard manat vəsait ayrılıb. Neft gəlirlərinin artması belə deməyə əsas verir ki, gələn ilin büdcəsində bu məqsədlə daha böyük vəsait ayrılacaq. Vəsait nə qədər çox olsa, bu bir o qədər məcburi köçkünlərin öz yurdlarına qayıtmaları prosesini sürətləndirəcək. Çünki bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Başqa bir tərəfdən, iqtisadi dayanıqlığımız elə səviyyədədir ki, Neft Fonduna toplanan vəsaitlərdən istifadə etməyə ehtiyac yoxdur. Azərbaycanın mövcud qanunvericilik bazası, yeritdiyi siyasət xarici sərmayələrin ölkəyə gəlməsinə şərait yaradır. Təsadüfi deyil ki, bir sıra xarici şirkətlər işğaldan azad edilmiş ərazilərə sərmayə qoymağa xüsusi maraq göstərir. Artıq bir sıra ölkələrin şirkətləri fəaliyyətə başlayıb və praktiki olaraq bərpa prosesində iştirak edirlər”.
İqtisadçı-ekspert hesab edir ki, bütün sadalanan məsələlər bərpa işlərinin sürətlə aparılmasında vacib rol oynayacaq.
Vidadi ORDAHALLI