“Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir”. APA-nın məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib. O bildirib ki, Pakistanın güclü hərbi sənayəsi var: “Bu sahə də Azərbaycan əməkdaşlığımızın ən vacib hissələrindən biridir. Bu yaxınlarda Azərbaycan Pakistandan hərbi təlim təyyarələri aldı. Biz daha çox treninqlər təşkil etməyə, münasibətləri daha irəli aparmağa çalışacağıq".
Səfir qeyd edib ki, gələcəkdə də “JF Thunder” təyyarələrinin alınması ilə bağlı danışıqların aparılması mümkündür.
“Baş nazirin hakimiyyətdən getməsi ilə Pakistanın qonşu ölkələr və digər dövlətlərlə münasibətlərində dəyişiklik olmayacaq”. Bu sözləri də Pakistan səfiri deyib. O bildirib ki, baş nazir Nəvaz Şərifin Ali Məhkəmənin qərarı ilə hakimiyyətdən kənarlaşdırılması ölkədə böhrana səbəb olmadı: “Baş nazirin partiyası yenə parlamentdədir. Pakistanda baş verən siyasi dəyişiklik qonşularla, super güclərlə münasibətlərimizi yaxşı səviyyədə saxlayacaq, biz terrorla mübarizə aparmağa davam edəcəyik”.