Cümə günü, 23 oktyabr 2026
     

Ba­la­kən, Za­qa­ta­la və Qa­xın si­ma­sı­nı də­yi­şən ye­ni ün­van­lar... - FOTO

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Bildirildi ki, bu park həm rayon sakinlərinin, həm də qonaqların asudə vaxtlarını səmərəli keçirmək üçün üz tutduqları gözəl məkanlardan biridir. Burada istirahət üçün hər cür şərait yaradılıb.

Balakən Su Elektrik Stansiyasının açılışı…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemi də ən müasir tələblər səviyyəsində yenidən qurulub, bu istiqamətdə köklü dəyişikliklər aparılıb. İcra edilən layihələr arasında yeni su elektrik stansiyalarının inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Balakəndə yeni inşa edilən Su Elektrik Stansiyası da bu baxımdan böyük rol oynayır. Bu cür layihələrin icrası bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, eyni zamanda, regionların inkişafına təkan verməklə, əlavə iş yerlərinin açılmasına səbəb olur. Mütəxəssislərin araşdırmalarına görə, respublikanın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində onlarla kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Kiçik su elektrik stansiyalarının tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə imkan verir, digər tərəfdən isə ətraf mühitə heç bir zərər yetirmədən istehlakçıları elektrik enerjisi ilə təmin edir.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

Bildirildi ki, Balakən çayı üzərində tikilmiş və ümumi gücü 1,5 meqavat olan bu stansiyanın təməlini Prezident İlham Əliyev 2010-cu ildə qoyub. Stansiya texniki göstəricilərinə görə olduqca səmərəli və müasirdir. Layihə çərçivəsində burada hündürlüyü 5,6 metr olan bənd tikilib. Bəndin maksimum eni 28, qaşının eni isə 4 metr təşkil edir. Burada saniyədə 63 kubmetr suburaxma qabiliyyəti olan sutullayıcı, saniyədə 23 kubmetr suburaxma qabiliyyəti olan suqəbuledici yaradılıb. Stansiyanın inşası zamanı uzunluğu 2 min metr, diametri isə 1550 millimetr olan boru, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətləri çəkilib, hər birinin gücü 0,5 meqavat olan üç hidroturbin və hidrogenerator quraşdırılıb. Bundan başqa, ərazidə turbin zalı və stansiyanın idarəetmə binası da inşa edilib.

Qeyd edildi ki, bu layihə olduqca əhəmiyyətlidir. İldə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30 faizini ödəyəcək.

Dövlətimizin başçısı Balakən Su Elektrik Stansiyasını işə saldı.

Azərbaycan Prezidentinin 2009-cu ildə imzaladığı Sərəncama əsasən, respublikada kiçik su elektrik stansiyalarının geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramlar hazırlanıb. Bu günədək ümumi gücü təqribən 150 meqavat olan 12 su elektrik stansiyası istifadəyə verilib. Hazırda isə ümumi gücü təqribən 18 meqavat olan beş stansiyanın inşası davam etdirilir.

Stansiyanın tikintisində 100 nəfər çalışıb. Ərazidə geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllıq zolaqları salınıb.

Prezident Balakəndə Bayraq Muzeyinin açılışında iştirak edib

Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışında iştirak edib. Prezident İlham Əliyev Balakən Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı muzeylə tanış oldu. Məlumat verildi ki, muzeyin tikintisinə 2017-ci ilin fevralında başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Balakən Rayon İcra Hakimiyyətinin sifarişi əsasında inşa edilən muzey binasının ümumi sahəsi 510 kvadratmetrdir. Binada zallar və konfrans otağı yaradılıb. Ekspozisiya zalında maraqlı eksponatlar sərgilənir. Burada müxtəlif dövrlərdə Azərbaycanda atribut kimi qəbul edilmiş bayraqlar, gerblər, o cümlədən Nuxa, Yelizavetpol, Naxçıvan, Quba, Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzalarının və Bakı quberniyasının, Azərbaycan SSR-in, Azərbaycan İctimai Şuralar Cəmiyyətinin və müstəqil Azərbaycanın gerbinin fotoları nümayiş etdirilir. Muzeydə Azərbaycanın Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular və Eldəgizlər dövlətləri dövründəki, həmçinin 1918-1920-ci illərdəki və 1991-ci ildəki xəritələri də var. Güc strukturlarının geyimlərinin, tarixin müxtəlif dövrlərində ölkəmizdə istifadə edilən sikkələrin, pulların nümayiş olunduğu ekspozisiyalar da maraq doğurur.

Bu cür layihələrin həyata keçirilməsi, həmçinin milli atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin atributlarından biri olan üçrəngli, ay-ulduzlu bayrağımızla hər bir azərbaycanlı fəxr edir. Xalqımız həmişə bu bayrağa böyük sevgi, dərin ehtiramla yanaşıb. Hər bir azərbaycanlı dövlət bayrağını özünün milli qürur mənbəyi hesab edir.

Üçrəngli bayrağımız ötən əsrin sonlarında yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrildi. Bu məsələdə ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Bu tarixi iş Ümummilli Liderin dahiyanə ideyalarından biri idi. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırıldı. Bu, dünya şöhrətli siyasi xadimin Azərbaycan dövlətçiliyi və xalqımız üçün gördüyü tarixi əhəmiyyətli işlərdən biri idi. İndi Azərbaycan bayrağı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında və mötəbər məclislərində qürurla dalğalanır. Vətənə və dövlətin atributlarına hörmət və ehtiram Ulu Öndərin bizə ən böyük əmanətidir.

Prezident İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Bu gün paytaxtla yanaşı, respublikanın bölgələrində də Dövlət Bayrağı meydanlarının və muzeylərinin inşası dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətin nəticəsidir. Balakən rayonunda inşa edilən Bayraq Muzeyi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.

Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışı oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışında iştirak edib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il istifadəyə verilməsi nəzərdə tutulan və kəndlərarası 40 avtomobil yolu layihələrindən biri olan Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun uzunluğu 24,5 kilometr, eni isə 10 metrdir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə inşa edilib. İki hərəkət zolaqlı yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Tikinti işləri zamanı yolboyu zəruri olan yerlərdə yararsız qrunt təbəqəsi qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək bərkitmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Daha sonra yolun 150 min kvadratmetr sahəsinə ikiqat asfalt-beton örtük döşənib. Layihə çərçivəsində yol boyunca 14 suötürücü boru və uzunluğu 18, eni isə 7 metr olan körpü tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.

Diqqətə çatdırıldı ki, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi 15 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişini xeyli rahatlaşdıracaq. Bundan başqa, bu yol yük və sərnişin daşınmasının da yaxşılaşmasına imkan yaradacaq, turizm bölgələrimizdən olan Balakənə gələn turistlərin rahat və təhlükəsiz hərəkətini təmin edəcək.

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Prezident Balakəndə “ABAD Mərkəz”inin açılışını etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib.

Prezident İlham Əliyev əvvəlcə rayonun Katex kəndində yerləşən “Balxurma” müəssisəsinin 2016-2017-ci illər üzrə fəaliyyəti və gələcək planları ilə bağlı məlumatları əks etdirən stendlərə baxdı. Qeyd edildi ki, “Balxurma” müəssisəsinin işçilərinin sayı 15 nəfərdən 85 nəfərə çatdırılacaq. İlkin 5 milyon manat kapital qoyulan müəssisəyə əlavə olaraq 12 milyon manat investisiya cəlb ediləcək. Məhsul daxili bazardan əlavə MDB, Avropa və ərəb ölkələrinə ixrac olunacaq. “Balxurma” müəssisəsinin gələcək planlarına yeni korpusların tikintisi, gündəlik istehsal sayının 45 min ədəd xurmadan 150 min ədəd xurmaya, iş yerlərinin sayının isə 200 nəfərə çatdırılması daxildir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” layihəsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Son illərdə ölkəmizdə kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında “ABAD” layihəsinin xüsusi yeri var. “ABAD” Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və 2016-cı il sentyabrın 23-də yaradılan publik hüquqi şəxsdir. O, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır. Layihənin məqsədi kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, ölkədə regionların və kənd təsərrüfatının inkişafına dəstək verməkdir. Qeyri-kommersiya və sosialyönümlü qurum olan “ABAD” yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının “ideyadan rəflərə” daşınmasına kömək edir. “ABAD” istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarə edilməsini həyata keçirir, yığılan gəlirin ailələrə köçürülməsini təmin edir. Ailələr öz bizneslərini qurmaq üçün ictimai və özəl qurumlarla birbaşa qarşılıqlı əlaqə saxlamır. Bu funksiya “ABAD” tərəfindən həyata keçirilir. “ABAD” ailələr üçün bacarıqların inkişaf etdirilməsi təlimləri də təşkil edir, “vahid pəncərə” prinsipindən istifadə edərək ailə məhsullarının sertifikatlaşdırılmasını təmin edir. Layihənin mütəxəssisləri ailələrə bazaryönümlü qablaşdırma həlləri və məhsulların dizaynı ilə bağlı kömək göstərirlər, supermarket şəbəkəsində ailə məhsullarının satışını, habelə onların daşınması və saxlanmasını idarə edirlər. “ABAD” əl işlərinin satışını öz İncəsənət mərkəzlərində təşkil edir. Bu ilin martında İçərişəhərdə “ABAD”ın ilk İncəsənət Mərkəzi açılıb. İyunda isə ikinci İncəsənət Mərkəzi Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilib. Balakəndə “ABAD Mərkəz”in yaradılması da olduqca önəmlidir.

Bildirildi ki, ötən ilin oktyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD mərkəz”lərin fəaliyyət sahələrində Korporativ Əməkdaşlıq Sazişi imzalanıb. Əməkdaşlıq çərçivəsində Balakən rayonunun “ABAD” layihəsi 2-ci pilot layihə olaraq müəyyən edilib. SOCAR-ın dəstəyi ilə 12 ailəyə 9 meyvə, 2 süd və 1 ət emalı üçün xüsusi istehsal avadanlığı ilə təchiz edilmiş konteynerlər təhvil verilib.

Prezident İlham Əliyev “ABAD” layihəsi çərçivəsində Balakəndə və digər rayonlarda istehsal edilən məhsullara baxdı.

Balakən rayonundan əl işləri hazırlayan dörd sənətkar “ABAD” layihəsinin iştirakçısıdır. Ümumilikdə Balakənin və qonşu rayonların potensialını, layihəyə olan marağı, bu səbəbdən də artan iş həcmini nəzərə alaraq, Balakəndə regional “ABAD Mərkəz”in təsis edilməsi məqsədəuyğun hesab olunub. Burada layihə çərçivəsində 280 kvadratmetrə yaxın sahəsi olan ikimərtəbəli inzibati bina inşa edilib. Binadakı iş otaqları zəruri avadanlıqla təchiz olunub. Burada, həmçinin təqdimat və görüş zalları, laboratoriya da fəaliyyət göstərəcək. Binada ümumi sahəsi 640 kvadratmetrdən çox olan müxtəlif temperaturlu anbar kompleksi də yaradılıb.

“ABAD Mərkəz” ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən Xanım Zurnayeva və Məhəmməd Bazarov göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev Zaqatalada…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatala rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında dahi şəxsiyyətin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevə abidənin ətrafında və parkda görülən işlər barədə məlumat verdi. Bildirildi ki, parkda geniş abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Zaqatalada tütün emalı zavodunun fəaliyyəti ilə tanışlıq…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış oldu. Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və “Azərtütün” MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlətimizin başçısına zavod barədə ətraflı məlumat verdilər.

Bildirildi ki, müəssisənin illik gücü bir növbədə 3300-3600 tondur. “Azərtütün” MMC 2007-ci ildə təsis edilib. Cəmiyyətin bu zavodu isə 2010-cu ildə istifadəyə verilib. Zavod ABŞ, İtaliya və Bolqarıstan istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Hazırda Zaqatala, Şəki və Qax rayonlarında Bolqarıstandan alınmış hər birinin tutumu 10 ton yaş tütün olan cəmi 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi fəaliyyət göstərir. Hər məntəqə mövsüm ərzində 10 min ton yaş tütün qəbulu və 1000 tona yaxın quru tütün əldə etmək gücünə malikdir. Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün “Azərtütün” MMC-nin tütün emalı zavoduna təhvil verilir. Hər bir məntəqədə 90 nəfər çalışır ki, onların da 25 nəfəri daimi işçidir.

Diqqətə çatdırıldı ki, şitil yetişdirilməsi üçün ABŞ texnologiyası ilə işləyən 14 istixana quraşdırılıb. “Azərtütün” MMC-nin müasir şum texnikası, tütün şitilini basdırmaq, əkinə qulluq, kultivasiya işlərini aparmaq üçün mexanizmləri və tütün yarpaqlarını yığan xüsusi kombaynları da var. 2016-cı ildə tədarük olunmuş 1039 ton “Virciniya” sortlu quru tütün bu müəssisədə emal olunaraq satılıb. 2017-ci ildə isə zavodda 2300 ton tütünün emal olunması nəzərdə tutulub.

Müəssisə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, son illərdə ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının ənənəvi sahələri yeni inkişaf mərhələsinə qədəm qoyub. “Azərtütün” MMC-nin Zaqatala tütün emalı zavodu da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu cür layihələrin uğurla icrasının təməlində Azərbaycan dövlətinin iş adamlarına göstərdiyi diqqət və qayğı durur. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alırlar. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu müəssisələr həm də daxili tələbatı ödəməklə yanaşı, ixrac potensialımızı artırır. Beləliklə, “Azərtütün” MMC-nin Zaqatala tütün emalı zavodunun yaradılması bir daha sübut edir ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq ölkəmizdə mühüm işlər görülür və bu işlər iqtisadiyyatın bir çox sahələrini əhatə edir.

Prezident “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub. Dövlət başçısına müəssisə barədə məlumat verildi. Bildirildi ki, müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib. Ərazidə suvarma məqsədləri üçün su tutumu 5 min kubmetr olan süni göl yaradılıb, damcı suvarma sistemi qurulub, kənd təsərrüfatı texnikaları alınıb, Türkiyədən bu sahədə təcrübəli aqronomlar dəvət edilib. Ərazidə 3 artezian quyusu qazılıb, qaz və elektrik xətləri çəkilib, müasir işıqlandırma sistemi qurulub və yaşıllıq zolaqları salınıb.

Diqqətə çatdırılıb ki, 2016-cı ilin oktyabr-noyabr aylarında Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən 82 hektarda “Dəməşq qızılgülü” və 25 hektarda “Lavanda” gülü növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. “Dəməşq qızılgülü”ndən istehsal olunan yağ həm məhsuldarlığına, həm də keyfiyyətinə görə ən yaxşısı hesab olunur. Bolqarıstandan gətirilmiş “Lavanda” gülü növünün Fransa və Türkiyə “Lavanda” növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur. İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr “Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq. Gələcəkdə isə həmin yağlardan istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur. Gül yağı istehsalı avadanlıqları Türkiyədən gətirilib. Müəssisədə 31 daimi və 600-ə yaxın mövsümi iş yeri açılacaq. Layihə gələcəkdə yerli əhalinin öz pay torpaqlarında qızılgül əkməklə bu sahənin daha da inkişaf etdirilməsinə şərait yaradacaq. Beləliklə, əhali yığdığı gül ləçəklərini müəssisəyə təhvil verməklə əlavə gəlir əldə edəcək.

Qeyd edək ki, dünya üzrə ildə 3 ton qızılgül yağı istehsal olunur ki, bunun da 50 faizi Türkiyə, 40 faizi Bolqarıstan, 10 faizi isə digər ölkələrin payına düşür. Azərbaycanda ilk mərhələdə istehsal olunacaq 125 litr qızılgül yağı dünya üzrə istehsalın 4 faizini təşkil edəcək. 2016-cı ildə dünya bazarında 1 litr qızılgül yağının qiyməti 10-12 min avro təşkil edib. Eyni zamanda, müəssisədə 3 min litr “Lavanda” yağının istehsalı nəzərdə tutulub. Ötən il dünya bazarında 1 litr “Lavanda” yağının qiyməti 100-130 avro təşkil edib. Müəssisənin məhsulları 2018-ci ildən dünya bazarına çıxarılacaq. Gələcəkdə digər bitki növlərinin efir yağlarının da istehsalı mümkün olacaq. Beləliklə, “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxacaq məhsullarımızın sayı və çeşidi xeyli artacaq.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən İlhamə Mehdiyeva və Xəzangül Zeynalova göstərdiyi diqqət və qayğında görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sonra Prezident İlham Əliyev qızılgül sahələrinə baxdı.

Sonda xatirə şəkli çəkdirildi.

Zaqatalada “Bəhmətli” elektrik yarımstansiyası istismara verildi

Bu gün Zaqatalada 110/35/10 kV-luq “Bəhmətli” elektrik yarımstansiyasının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyanın texniki göstəriciləri barədə məlumat verdi. Stansiyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Bu yarımstansiya Zaqatala rayonunun elektrik təchizatının yaxşılaşdırılması, rayonun elektrik enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi tikilib. Əvvəllər 110 kV-luq 2-ci Zaqatala hava xəttindən budaqlanma vasitəsilə qidalanan 1x6,3 MVA gücündə olan “Bəhmətli” yarımstansiyası Bəhmətli və digər kəndləri elektrik enerjisi ilə təmin edərkən ciddi problemlər yaşanırdı. Yarımstansiyanın bir transformatorla qidalanması elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olurdu. Bunu nəzərə alaraq, 110 kV-luq 2-ci Zaqatala hava xəttindən qidalanan 1 kilometr uzunluğunda birdövrəli “Bəhmətli” budaqlanması ikidövrəli budaqlanma xəttinə çevrilərək yenidən qurulub. Yarımstansiyada 2x10 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Eyni zamanda, yarımstansiyada 110 və 35 kV-luq açıq paylayıcı şəbəkə inşa edilib. Həmçinin yarımstansiyadan 35/10 kV-luq “Muğanlı” və 35/6 kV-luq “Qaraçay” yarımstansiyalarını qidalandıran 35 kV-luq Muğanlı hava xəttinin çıxışı kabellə əvəzlənib. Tam yenidən qurulan yarımstansiyadakı qurğularda müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizə və avtomat sistemlər, yarımstansiyanın məsafədən idarə olunması üçün SCADA dispetçer sisteminə qoşulmasını təmin edən avadanlıqlar quraşdırılıb. “Bəhmətli” yarımstansiyası Bəhmətli, Suvagil, Dağlı, Mosul, Yengiyan, Lahıc, Kürdəmir, Muğanlı, Qandax, Kəpənəkçi, Çüdülübinə kəndlərinin və Əliabad qəsəbəsinin 9 minə yaxın abonentini keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. Bu stansiyadan əlavə Zaqatala EŞ-nin xidməti ərazisində əvvəllər adı “Ulduz” olan 35/10 kV-luq yarımstansiya tam sökülərək, yerində müasir tipli qapalı “Danaçı” yarımstansiyası da tikilib.

Dövlət başçısının müəyyənləşdirdiyi “İşıqlı Azərbaycan” layihəsinə uyğun olaraq “Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi, şimal-qərb bölgəsində də istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində genişmiqyaslı tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Zaqatalada inşa edilən 110/35/10 kV-luq “Bəhmətli” yarımstansiyası da bu istiqamətdə icra edilən layihələrdəndir. Ümumilikdə, son illərdə “Azərişıq” ASC tərəfindən bu bölgədə çox mühüm işlər görülüb. “Azərişıq” ASC yaradıldıqdan sonra turizm və kənd təsərrüfatı zonası sayılan şimal-qərb bölgəsində müasir standartlara cavab verən 110/35/10 kV-luq 4 yarımstansiya tikilib və yenidən qurulub. 35/10 kV-luq yarımstansiyalar üzrə 3 yarımstansiya istifadəyə verilib, 5 yarımstansiyada isə işlər yekunlaşmaq üzrədir. Bütün bunlarla paralel olaraq, Şimal-Qərb RETSİ-nin xidməti ərazisində 287 transformator məntəqəsi quraşdırılıb. Region üzrə 300 kilometr izolyasiyalı naqil və 310 kilometr naqil xətləri çəkilib, 27 min yeni dayaq basdırılıb və dəyişdirilib. İki il ərzində Qax, Qəbələ, İsmayıllı, Şəki və Oğuz rayonlarında müasir və bir-birindən fərqli memarlıq üslubunda yeni ofis binaları tikilərək istifadəyə verilib. Əməkdaşların operativ fəaliyyəti üçün hər cür şərait yaradılan ofis binalarında abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Şimal-Qərb RETSİ-si üzrə 150-yə yaxın kənd və qəsəbələrdə yenidənqurma işləri aparılıb və aparılmaqdadır. 8 rayon üzrə ümumilikdə, 7225 yeni sayğac quraşdırılıb, 14025 sayğac yenisi ilə əvəz edilib. Ümumilikdə istismar müddətini başa vurmuş elektrik şəbəkələrində görülən işlər nəticəsində texniki itkilər azalıb, elektrik enerjisinin yığımı artıb. “Azərişıq” ASC yaradılandan sonra Şimal-Qərb RETSİ üzrə rayonların ümumi qoyuluş gücü 131,5 MVA artırılıb.

Sonra Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Sonda xatirə şəkli çəkdirildi.

Qaxda avtomobil yolunun açılışı oldu

Azərbaycan Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, rayonun Fısdıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən 7 kilometrlik giriş yolları ilə bərabər avtomobil yolunun ümumi uzunluğu 23,5 kilometrdir. Əvvəllər torpaq-çınqıl örtüklü olan iki hərəkət zolaqlı avtomobil yolu hazırda asfalt-beton örtüklüdür. Layihəyə uyğun olaraq, yol genişləndirilərək 10 metr enində yeni yol yatağı inşa edilib. Yenidənqurma işləri zamanı Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən yolların üzərində yeni körpülər də inşa olunub. Körpülərin uzunluğu 9,5 və 24 metr təşkil edir. Hər iki körpünün eni isə 11 metrdir. Bundan başqa, yolboyu 102 metr uzunluğunda müxtəlif diametrli 9 suötürücü dəmir-beton borular quraşdırılıb. Layihə çərçivəsində yol boyunca 468 təhlükəsizlik dirəyi, 166 müxtəlif yol nişanı və 16 məlumatverici lövhə quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Prezident İlham Əliyevin 2016-cı il 22 avqust tarixli Sərəncamına əsasən inşa edilən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Yolun yenidən qurulması ilə bu ərazidə yük və sərnişin daşınması xeyli yaxşılaşıb, yetişdirilən məhsulların rayon mərkəzlərinə rahat daşınmasına imkan yaranıb. Bu, kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yol boyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə şərait yaradır.

Bu avtomobil yolu Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılan kəndlərarası 40 avtomobil yolu layihəsindən biridir.

Dövlətimizin başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Prezident Qaxda kənd sakininin fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Lələpaşa kəndinin sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub. Dövlət başçısına təsərrüfat barədə ətraflı məlumat verildi.

Bildirildi ki, 3,4 hektar sahədə salınan bağda 130 fındıq ağacı var. Böyük məhsuldarlığın gözlənildiyi təsərrüfatda bu il 2 tondan çox məhsulun yığılması planlaşdırılır.

Qeyd olundu ki, Qax rayonunda fındıqçılığın tarixi ənənələri var. Əhalinin böyük hissəsi bu təsərrüfatlarda çalışır. Son illər təkcə Tasmalı inzibati ərazi dairəsində 800 hektara yaxın sahədə fındıq bağları salınıb. Lələpaşa kəndində isə 150 hektar sahədə fındıq yetişdirilir.

Prezident İlham Əliyevin fındıqçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən həyata keçirilən tədbirlər nəticəsində bu sahədə böyük irəliləyişə nail olunub. Əhalidə ölkəyə ən çox valyuta gətirən strateji məhsullar arasında olan fındığın becərilməsinə maraq daha da artıb. Mövcud imkanlarla kifayətlənməyən şəxsi təsərrüfat sahibləri yeni fındıq bağlarının salınmasına, fındıq pöhrələrinin alınıb becərilməsinə xüsusi maraq göstərirlər. Bunun nəticəsidir ki, indi ərazidə 1,4 və 1,5 hektar sahədə yeni fındıq bağları salınıb.

Bu il fındıq bağlarından bol məhsul gözlənilir. Avqustun sonlarından başlayaraq bir ay ərzində məhsulun yığımı həyata keçiriləcək. Bununla da qeyri-neft sektorunun inkişafını qarşıya əsas məqsəd qoyan dövlətimizin başçısının irəli sürdüyü təşəbbüslər sayəsində bu sahədə ciddi nailiyyətlər əldə olunur. Fındıqçılığın inkişafının stimullaşdırılması da bu qəbildəndir. Ümumiyyətlə, fındıq istehsalı ölkəmizdə kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda təqribən 35 min ton fındıq istehsal olunur və onun 90 faizi xarici ölkələrə ixrac edilir. Təsadüfi deyil ki, 2016-cı ildə Azərbaycandan 25 ölkəyə 100 milyon dollardan çox məbləğdə fındıq ixrac olunub. Bu sahədə təbii ki, dövlət dəstəyi ilə keçirilən təşviq tədbirlərinin də böyük rolu var. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq təşkil edilən çoxsaylı biznes forum, ixrac missiyaları və işgüzar görüşlərdə iştirak edən milli istehsalçılar yeni dəstək mexanizmlərindən istifadə edərək bu sahədə ciddi irəliləyişə nail olublar. Bununla yanaşı, məhsulun artırılması məqsədilə dövlət tərəfindən fındıq istehsalçılarına milyonlarla manat güzəştli kreditlər verilib, fındıq pöhrələri alınaraq fermerlərə pulsuz paylanılıb. Bu isə yeni bağların salınmasına, fındıq istehsalının və ixracının daha da artırılmasına geniş imkanlar açıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ