Tiranada NATO Parlament Assambleyasının növbəti sessiyasının keçirildiyi bu günlərdə kuluarlarda Azərbaycan və Ermənistanın Alyansın qarşıdakı sessiyalarına dəvət edilməməsi müzakirə olunur. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu sözləri Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Tevan Poqosyan deyib.
Onun sözlərinə görə, son 4 ildə NATO PA-da qaldırılan istənilən mövzu ətrafında müzakirələr sonradan Azərbaycanla Ermənistanın söz atışmasına çevrilir. Erməni deputat deyib ki, guya bu dəfə artıq təşkilatçılar bu iki ölkənin gələcəkdə NATO tədbirlərinə dəvət edilib-edilməməsi məsələsini müzakirəyə çıxarıblar, çünki onlara görə, Alyansın sessiyalarında hətta "hansısa ağaclar və ya meşələr ətrafında müzakirələr açılanda belə, azərbaycanlı və erməni deputatlar Dağlıq Qarabağ problemindən danışırlar”. Poqosyanın sözlərinə görə, sonuncu sessiya öncəsi məhz bu səbəbdən tərəflərə bəyanatlarını səsləndirmək üçün 5 dəqiqəlik zaman ayrılıb ki, sonradan sessiyanın işinə mane olmasınlar.
Qeyd edək ki, NATO PA-nın növbəti sessiyası mayın 27-də Albaniyanın Tirana şəhərində öz işinə başlayıb. Sessiyada 28 NATO üzvü və partnyor ölkələrdən 250 nümayəndə iştirak edir və onların arasında müxtəlif təşkilatların müşahidəçiləri də var.