Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu Ankara ilə Moskva arasında münasibətlərin yoluna qoyulması məqsədilə işçi qrup yaratmağı təklif edib.
Baki-xeber.com-un xəbərinə görə, Çavuoğlu "İnterfaks”a açıqlamasında qeyri-rəsmi səviyyədə görüşlər təşkil edilməklə "qızıl orta”nın tapılacağına əminliyini bildirib.
Öz növbəsində, TASS-ın xəbərinə görə, Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş da iki ölkə arasında əlaqələrin normallaşmasına heç bir əngəlin olmadığını deyib. Kurtulmuş onu da xatırladıb ki, Türkiyə tərəfi təyyarəni vurarkən onun kimə məxsus olduğunu bilməyib və baş verənlərdən təəssüfləndiyini bildirib. Lakin bununla belə qeyd edib ki, münasibətlərin normallaşdırılması üçün heç bir maneə yoxdur.
Xatırladaq ki, ötən ilin noyabrında Türkiyə HHQ Suriya yaxınlığında hava məkanına iznsiz daxil olan Rusiya qırıcısını bir neçə xəbərdarlığın ardından vurmuş, nəticədə ekipajın komandiri həlak olmuşdu. Həmin tarixdən etibarən Türkiyə ilə Rusiyanın münasibətlərində gərginlik yaşanır.