ABŞ HHQ-nin aviazərbələri nəticəsində hələ mart ayında öldü xəbəri yayılan İŞİD lideri Ömər Əl-Şişani "o dünyadan salam göndərib”.
Baki-xeber.om-un Rusiya mətbuatına istinadən xəbərinə görə, terrorçu qruplaşmanın "Amak” informasiya agentliyi sosial şəbəkələrdə "Ömər Əl-Şişani Fəllucənin müdafiəsində ön sırada” başlığı altında video yerləşdirib. Sözügedən videoda Pankisi dərəsinin sarı saqqallı yetirməsi dini terminlər işlədərək qarşı tərəfdəkiləri kafir adlandırır və deyir: "Biz Dəməşqə qədər gedəcəyik, Allahu Əkbər!”
Başlıqdan göründüyü kimi, 20 saniyəlik rolik bu günlərdə uğrunda döyüşlərin getdiyi Fəlluədə çəkilib və terrorçuların lideri olduqca sağlam görsənir. Lakin maraqlıdır ki, əlində avtomat silah tutan Əl-Şişani əynində gödəkcə, başında isə papaqla görüntülənib. Nəzərə alınsa ki, hazırda İraqda hava şəraiti bu cür geyinməyə imkan vermir, yəni temperatur 25-35 dərəcə arasıdır, görüntülərin saxta olduğ”u şübhə doğurmur. Üstəlik Əl-Şişani özünə edilən hücumdan da söz açmır. Bu səbəbdən videonun əslində terrorçular arasında artan ruh düşkünlüyünü aradan qaldırmaq məqsədilə ortaya çıxarıldığı daha ağlabatan görsənir.
Xatırladaq ki, Tarxan Batiraşvili – Ömər Əl-Şişani Suriya və İraqdakı cihadçılar arasında ən populyar rusdilli liderlərdəndir. Pankisi dərəsində anadan olan Batıraşvili Suriyaya 2012-ci ildə gedib və çox keçmədən orada "Ceyş əl-Mühacirun vəl-Ənsər” qruplaşmasının başına keçib. Suriyada dini dövlət quruculuğunu hədəfləyən qruplaşma hökumət qüvvələrilə toqquşmalar səbəbindən 2014-cü ildə dağılıb. Bundan sonra o, özünə sadiq qruplaşma üzvlərini də yanına alaraq İŞİD sıralarına qoşulub. "Al-Masdarnews” agentliyinin xəbərinə görə, onun öldürülməsi barədə azı 10 dəfə xəbər yayılıb, lakin sonradan təsdiqini tapmayıb. Sonuncu dəfə bu xəbəri isə Pentaqon rəsmisi Piter Kuk martın 4-də verib. O bildirib ki, Əl-Şişani Suriyanın Haseke əyalətinin Əş-Şəddad şəhərinə aviazərbələr endirilən zaman məhv edilib. Bu günlərdə yayılan video isə yenidən bumövzuda tərəddüdlərə yol açıb.