Tezliklə Britaniya tankları Baltikyanı ölkələrdə peyda ola bilər. Baki-xeber.com-un "EAdaily”-yə istinadən xəbərinə görə, bu barədə bu ölkənin "Times” nəşri yazıb.
Xəbərdə bildirilir ki, texnikadan əlavə, Estoniya, Latviya və Litvaya min nəfərə yaxın hərbçi yerləşdirilməsi də planlaşdırılır. Məsələnin konkret həllini isə NATO-nun iyulda baş tutacaq Varşava Sammitində tapacağı xəbər verilir. Nəşrin xəbərində o da bildirilir ki, Alyans eyni zamanda Şərqi Avropada tank və digər texnikaların anbarını yerləşdirməyi düşünür.
Qeyd edək ki, Estoniyanın baş naziri Taavi Rıyvas mayın 27-də bəyan edib ki, Rusiyanın təhdid edilməsi "yeni normallıq” olmalıdır. Baş nazirin fikrincə, Baltikyanı ölkələrin hər birinə Alyansın minimum bir batalyonu yerləşdirilməlidir. Ondan iki gün öncə isə Rusiya XİN başçısı Sergey Lavrov ölkəsinin sərhədləri yaxınlığında NATO-nun möhkəmlənməsinə laqeyd qalmayacağını bəyan edib.
Öz növbəsində, Avropadakı NATO qoşunlarının ali baş komandanı Riçard Şireff bəyan edib ki, bir il ərzində Rusiya ilə nüvə müharibəsi başlaya bilər. Britaniyalı general əmindir ki, Moskva öz aqressiyasını Baltikyanı ölkələrə daşımaqda qərarlıdır.