Son 3 gün ərzində Aralıq dənizində 3 gəminin batması ilə 700 nəfərə yaxın miqrantın suda boğulduğu güman olunur. Baki-xeber.com-un utro.ru-ya istinadən xəbərinə görə, bu barədə BMT-nin qaçqınların işləri üzrə Agentliyindən bildiriblər.
Agentliyin sözçüsü Karlotta Semi bildirib ki, həmin gəmilər əslində texniki əhətdən nasaz olublar. Seminin sözlərinə görə, mayın 25-də batan gəmidən 100 nəfər miqrantın, bir gün sonra dənizin dibinə gedən gəmidən isə 550 nəfərin itkin düşdüyü ehtimal olunur. Şahidlərin sözlərinə görə, 670 sərnişinlə Liviya sahillərindən ayrılan gəminin mühərriki olmayıb və onu digər miqrantla dolu gəmi yedəyində aparıb. Mühərriksiz gəmi suya qərq olduqda isə yalnız sərnişinlərindən 25 nəfər qarşıdakı gəmiyə üzüb çatmaqla canını qurtara bilib. Bundan sonra sahil patrul xidməti daha 79 nəfəri xilas edib və 15 cəsəd çıxarıb.
Üçüncü gəmi qəzası 27 may tarixində baş verib. Seminin məlumatına görə, həmin gəmidən 135 nəfər xilas edilib, eyni zamanda sudan 45 meyit çıxarılıb. Bilinməyən sayda sərnişin-miqrant isə itkin düşmüş hesab olunur. Agentlik sözçüsü deyib ki, dəqiq say bilinməsə də, bu üç gəmi fəlakətində 700 nəfərin həlak olduğu güman edilir.