"Azərbaycana qarşı ikili standartlara son qoyulmalıdır”
"Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb”
Mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib. Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.
"Azərbaycanda müsəlman aləmində ilk demokratik respublikanın yaranması tarixi hadisədir". Bunu rəsmi qəbulda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib (APA).
Dövlət başçısı deyib ki, Xalq Cümhuriyyəti qurucularının xatirəsi xalqın qəlbində daim yaşayacaq: "Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan SSRİ-nin tərkibində mürəkkəb yol keçib. Həmin illərdə elm və təhsil sahəsində, neft sənayesində müəyyən irəliləyişlər olub”.
Prezident İlham Əliyev Heydər Əliyev birinci dəfə rəhbərliyə gəldikdən sonra Azərbaycanda gedən inkişaf proseslərindən danışıb, müstəqilliyin ilk illərində ölkədəki çətin vəziyyətdən bəhs edib: "Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətçiliyinin əsası qoyulub, azərbaycançılıq ideologiyası bərqərar olub. 2003-cü ildən bu günə qədər Azərbaycan Heydər Əliyev yolu ilə gedir. Xalqımız bir amal ətrafında birləşib. Azərbaycanın dayanıqlı, uzunmüddətli inkişaf strategiyası təmin edilib”.
Dövlət başçısı 28 May - Respublika günü münasibətilə xalqı təbrik edib, sabitlik və inkişaf arzulayıb.
Prezident deyib ki, Azərbaycanın beynəlxalq nüfuzu artır, qarşıya qoyulan vəzifələr uğurla icra edilir. Dövlət başçısı bildirib ki, Azərbaycanda quruculuq prosesi davam etdiriləcək: "Bundan sonra da ölkədə sabitlik və təhlükəsizlik təmin ediləcək. Xalq-iqtidar birliyi möhkəmlənir, demokratiya inkişaf edir, bütün azadlıqlar təmin edilir. Ölkəmizə qarşı müşahidə olunan ikili standartlara son qoyulmalıdır”.
Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycanda "Multikulturalizm ili” elan edilib: "İndiki şəraitdə bu, dünyaya bir mesajdır. Xarici siyasətdə Azərbaycanın maraqları uğurla təmin olunub”.
"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan xalqı və dövləti torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək” – deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı bildirib ki, Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir, iqtisadiyyat şaxələndirilir, islahatlar aparılır: "Bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi ilə bağlı icrası nəzərdə tutulan bütün tədbirlər görüləcək. 2016-cı ilin də ölkəmiz üçün uğurlu olacağına əminəm. Qazanılan bütün nailiyyətlər ancaq müstəqillik illərində əldə olunub. Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, müstəqil ölkəyik, azad xalqıq. Biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq, bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik”.
Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib.