Ermənistan Respublika Partiyasının sədr müavini, parlamentin xarici əlaqələr komissiyasının keçmiş rəhbəri Armen Aşotyan bildirib ki, ötən illər ərzində Azərbaycan Ermənistanla danışıqlar və “Dağlıq Qarabağ” münaqişəsinin həlli kontekstində beynəlxalq strukturlarda Alma-Ata Bəyannaməsini “üzə çıxarmağa” çalışıb, lakin bu cəhdlər həmişə erməni diplomatiyasının təsirli müqaviməti ilə üzləşib.
Bundan əlavə, erməni siyasətçi Azərbaycanın BMT-dəki keçmiş daimi nümayəndəsi Aqşin Mehdiyevin GUAM məkanında (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) dondurulmuş münaqişələrin müzakirəsi ilə bağlı 29 dekabr 2008-ci il tarixli məktubundan fraqmenti də dərc edib:
“Bakı nümayəndəsi məktubunda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müşahidələrinin BMT Baş Assambleyasının sənədi kimi nəzərdən keçirilməsini və dövriyyəyə buraxılmasını xahiş edib. Bu məktubun bəndlərindən biri, digər arqumentlərlə yanaşı, Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində həllinin məqsədəuyğunluğunu sübut etməli olan Alma-Ata Bəyannaməsinə istinad edir. Bununla belə, Ermənistan tərəfi Azərbaycanın səylərini effektiv və mənalı şəkildə puça çıxarıb və bu arqument heç vaxt münaqişənin həlli prinsipi kimi qəbul edilməyib”.
Aşotyanın sözlərinə görə, Ermənistanın indiki hökuməti, bütün xəbərdarlıq və çağırışlara baxmayaraq, bu bəyannaməni dövriyyəyə buraxıb. Beləliklə, Nikol Paşinyan Azərbaycanın arzusunu öz əlləri ilə həyata keçirib.
Qeyd edək ki, İrəvan və Bakı arasında aparılan danışıqlar kontekstində Alma-Ata Bəyannaməsi ilk dəfə 2022-ci il oktyabrın 6-da Ermənistan və Azərbaycan liderləri tərəfindən Prezidentin vasitəçiliyi ilə qəbul edilmiş Praqa Bəyanatında qeyd edilib. Daha sonra Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 31 oktyabr 2022-ci il tarixli Soçi bəyanatında onun adı çəkilib.
Azərbaycan diplomatiyasının 2008-ci ildə Alma-Ata deklarasiyası ilə bağlı doğrudan da belə bir uğuru olubmu?
Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində belədir: “Çünki faktiki olaraq, Azərbaycan əvvəl gündən, hətta BMT-nin bir üzvü kimi bütöv mövqedən çıxış edirdi. Dünyanın ən ali orqanı, ən ali təşkilatı BMT-dir və biz bu təşkilata öz qanuni sərhədlərimizdə yeni üzv kimi qəbul olunmuşuq. Ermənistan əksinə, istər Alma-Ata deklarasiyasında, istər BMT-nin öz nizamnaməsindən gələn müddəaların hamısını inkar edə-edə özünün əsas iki sənədində : (1 - Konstitusiya, 2 - müstəqillik akrının tərtibatı) çox kobud səhvlərə, qanun pozuntularına yol verib. Orada Qarabağ bölgəsini özünün ərazisi kimi təsbit edib. Bu, sözün əsl mənasında siyasi dələduzluqdur. Çünki istənilən halda, ərazi bütövlüyü, dövlərtərin sərhədlərinin pozulmaması məsələləri bütün konvensiyalarda, BMT nizamnamələrinin hamısında, Helsinki Aktında öndə gedir. İkinci məqamda duran məsələ isə bu millətlərin, xalqların, balaca toplumların öz müqəddəratlarını həll etməsidir. Odur ki, Azərbaycan diplomatiyasının uğuru ondan irəli gəlir ki, biz ermənilərdən fərqli olaraq, bir xətti tutaraq məqsədyönlü şəkildə onunla hərəkət etmişik. Bəli, Alma-Ata deklarasiyası rəsmi sənəddir, dövlət rəhbərlərinin imzaları ilə təsdiq olunub. Bu deklarasiyada hər iki tərəf ərazi bütövlüyünü tanıyır. Ermənilər niyə burada oyunbazlıq etməlidirlər? Onlar sadəcə əsas məsələni çaşdırırlar. Azərbaycanla Ermənistanın arasındakı münaqişəyə Qarabağın heç bir dəxli yoxdur. Biz 80-lərin axırında Dağlıq Qarabağ muxtar vilayətini ərazi vahidi kimi ləğv etmişik”.
Tofiq Abbasov daha sonra bildirdi ki, ermənilər də digər icmalar kimi bir icmadır: “Sadəcə, kompakt şəkildə Qarabağ bölgəsində yaşayırlar. Ona görə də, bizim Ermənistanla çəkişməmizin kökündə duran Ernmənistanın Azərbaycana olan ərazi iddialarıdır. Söhbət tək Qarabağ bölgəsindən getmir. Onlar Gəncəni də, Kəlbəcəri də, Ağdamı da öz əraziləri sayırlar. Onların bu xəstə ruhda olmaları özlərini çaşqın bir vəziyyətə salır. Mən burda xüsusilə bir şeyi qeyd etmək istəyirəm. Erməni xalqının, siyasi elitasının, düşünən beyninin ən böyük səhvi ondan ibarətdir ki, onlar nağıl və uydurmalar icad etməklə, çalışırlar ki, bütün bunları dünyaya təqdin etsinlər.
Sadəcə, indi vəziyyət ondan ibarətdir ki, mübahisəli vəziyyətlər, ziddiyyətlər var. Bunların çözülməsi danışıqlardan keçir. Danışıqlarda nəticə əldə etmək üçün realizm hissi, praqmatizm lazımdır. Bunlar oxşar göstəricilər də olsa, fərqlidirlər. Lakin bir-birini tamamlayırlar. Realizm ondan irəli gəlir ki, Azərbaycan burda sözün əsl mənasında onlara həm hərbi, həm siyasi sahədə qalib gəlib. Onlar ağıl daşıyıcısı olsalar, anlayacaqlar ki, çıxış yolları yoxdur. Yeganə çıxış yolları Azərbaycanla sülh müqaviləsinə getməkdir. Ona görə də, yenə deyirəm, BMT nizamnaməsi, konvensiyalar, Helsinki Yekun Aktı və eləcə də bizim gücümüzlə öz arxamızda durmamız Ermənistanı artıq diz çökdürüb və indi onlar realizm və praqmatizmə aparan yolları çaşdırıblar. Bu onların öz problemləridir. Biz onlardan asılı deyilik, heç vaxt da asılı olmamışıq. Zəfərimizlə bunu bir daha göstərdik. Biz öz gücümüzə arxalanarıq və həqiqətimizin arxasında dura bilirik”.
Məhəmmədəli QƏRİBLİ