Məlum olduğu kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə səfərdə olub. Səfər çərçivəsində o, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Tərəflər bir sıra məsələlərdə razılığa gəliblər.
Belə ki, Ermənistan və Türkiyə sərhədlərin üçüncü ölkə vətəndaşları üçün açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər. İki ölkə Ani sərhəd körpüsünü birgə təmir edəcək. Ani körpüsünün birgə təmiri, sərhəd tam açılana qədər müvafiq infrastrukturun qayğısına qalınması barədə razılaşma var. Eyni zamanda Ankara və İrəvan yerüstü əlaqənin açılmasını sürətləndirmək barədə razılığa gəliblər. Digər açılımlar da müzakirə mövzusudur.
Görünən odur ki, Türkiyədə baş verən zəlzələ Ermənistanın işinə yarayıb. Erməni xislətini nəzərə alsaq, bu kimi addımlar Qarabağ danışıqları üçün nə vəd edir? Kim zəmanət verə bilər ki, Ermənistan arxayınlaşaraq bundan sui-istifadə etməyəcək? Yəni danışıqlarda destruktiv mövqedən çıxış etməkdə və prosesləri uzatmaqda davam edəcək. Belə bir ehtimalı ekspertlər necə dəyərləndirir?
“Sülh sazişi imzalanmadan Türkiyə ilə sərhədlər açılsa, Ermənistan danışıqlarda pozucu mövqeyini bir az da gücləndirəcək”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, bütün bunlardan Ermənistanın sui-istifadə ehtimalı var: “Əvvəla, sərhədlərin 3-cü ölkə vətəndaşları üçün açılması o deməkdir ki, 3-cü ölkə vətəndaşları Ermənistan vasitəsilə Türkiyəyə və ya sərhədi keçib digər ölkələrə gedə bilər. O cümlədən, hansısa ölkə vətəndaşı Türkiyə vasitəsilə Ermənistana gedə bilər. Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi bitəndən sonra Türkiyə-Ermənistan sərhədinin açılması gündəmdədir. Xüsusən də Birləşmiş Ştatlar bununla bağlı Türkiyəyə təsir etməyə çalışır. Baxmayaraq ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacağı halda Ankara sərhədlərin açılmasını istisna etmirdi. Ancaq Ermənistanın sərgilədiyi destruktiv siyasət üzündən 2 ildən çoxdur ki, proses uzanır və sülh sazişinin yaxın perspektivdə imzalanacağına ümid azdır. Belə bir şəraitdə Ermənistanın məlum zəlzələdən istifadə edərək Türkiyə ilə təmasları intensivləşdirməsi, əlbəttə ki, düşünməyə əsas verir. Çünki ermənilərin hiyləgərliyini və buna uyğun siyasi gedişlərini biz yaxşı bilirik. Ermənistan hər zaman Türkiyə ilə münasibətlərin qurulmasını Qarabağ məsələsindən ayrı tutmağa çalışıb. Onlar açıq deyirlər ki, sərhədlərin açılmasının buna dəxli yoxdur. Onsuz da Ermənistan sülh sazişi prosesini uzadır. Sülh sazişi imzalanmadan Türkiyə ilə sərhədlər açılsa, Ermənistan danışıqlarda pozucu mövqeyini bir az da gücləndirəcək. Ondan sonra Türkiyə sərhədləri yenidən bağlasa, o zaman Ankara Qərbin və digər güclərin ciddi təziqi ilə üzləşəcək. Bu baxımdan hesab edirəm ki, proseslər sinxronlaşdırılmalıdır. Yəni Ermənistan konkret addımlar atdıqdan sonra və sülh prosesinə töhfə verdiyi halda sərhədlər açılmalıdır. Ötən 30 ildə baş verənlər bizə ciddi dərs olmalıdır. Hansısa bu kimi güzəştlər rəsmi İrəvanı daha da cəsarətləndirə bilər”.
Bir sözlə, partiya funksioneri hesab edir ki, proseslərdə ehtiyatlı olmaq lazımdır.
Vidadi ORDAHALLI