Cənubi Azərbaycanın Xoy şəhərində baş verən zəlzələdən sonra İran rejiminin buradakı soydaşlarımıza laqeyd münasibəti rəsmi Tehran üçün əks effekt verib. Belə ki, bu hal güneyli soydaşlarımızın daha sıx birləşməsinə səbəb olub.
Elə güneyli siyasi fəal Məcid Araz da Güney Azərbaycanın müxtəlif bölgələrində Xoy zəlzələsində zərərçəkənlərə yardım kampaniyalarının təşkilini milli birlik və bərabərliyin nümayişi kimi dəyərləndirdiyini bildirib:
“Xoy zəlzələsi bizim bildiklərimizi bir daha isbatlamış oldu. Bir tərəfdən, Güney Azərbaycanın türk milləti yeni bir birlik-bərabərlik görüntüsü cızdı. Biz bunu Qaradağ zəlzələsində görmüşdük. Türkmən səhra selində görmüşdük. Qarşı tərəfdən də bizim bildiyimiz və bir daha təkrarlanan başqa məsələ İran rejimi və İran ictimaiyyətinin Güney Azərbaycana laqeyd yanaşması idi. Təəssüflə qeyd edim ki, İran rejiminin zəlzələ bölgəsində dəstək və yardımları gec və yetərsiz idi. Eləcə də, farsdilli media, ümumiyyətlə həm dövlətin, həm də müxalifətin mediası olaya çox laqeyd yanaşdı”.
Məcid Araz bu fonda İran-Azərbaycan münasibətlərində son zamanlarda müşahidə edilən gərginliyə də toxunub: “İran-Azərbaycan münasibətləri tarixinin ən gərgin dönəmini yaşayır. Quzey Azərbaycan ikinci dəfə müstəqil olduqdan sonra, hətta mərhum Əbulfəz Elçibəy zamanında münasibətlər bu qədər gərgin olmamışdı. Səfirliyə olan hücum bunu ən yüksək səviyyəyə çıxardı. Ondan öncə də hərbi təlimlər, Zəngəzur məsələsi, İkinci Qarabağ savaşı dönəmindəki məsələlər. Yəni bu gərginlik İkinci Qarabağ savaşı zamanından yüksələn bir templə davam edir. İndi İran və Azərbaycan bir hərbi qarşıdurmada olmasalar da, bir-birləri ilə rəsmən bir media savaşı içindədirlər”. Məcid Arazın sözlərinə görə, Xoy zəlzələsi də bu gərgin atmosferə tuş gəldiyi üçün bundan təsir alıb: “Bu, Türkiyənin və Azərbaycanın yardım təkifinin İran tərəfindən rədd edilməsinə yol açan məsələlərdən biri oldu”. Ekspert İran-Azərbaycan münasibətlərinin gələcəyinin bir çox regional və qlobal məsələdən asılı olduğunu bildirib: “İran-Azərbaycan münasibətləri, təbii ki, bölgəsəl və qlobal məsələlərə bağlıdır. Ukraynada nə olar? İran-Amerika əlaqələri nə olar? İsrail necə bir hərəkət və mövqe içində olar? Ərəblər nə edər? Bunlar hamısı İran-Azərbaycan münasibətlərinə təsir edən məsələlərdir”. Məcid Araz, həmçinin, İrandakı son etirazlardan sonra İran müxalifətində artan hərəkətliliyə diqqət çəkərək, bu qrupları İranın ən önəmli məsələsi olan qeyri-fars millətlər məsələsinə diqqət yetirməmədiklərinə görə tənqid edib: “İranda millətlər məsələsini ciddi və ədalətli bir çözümə çatdırmayan bir çıxış yolu əsasən çıxış yolu deyil. Buna görə də ya uğursuz olacaq, ya bir kor döngəyə düşəcək”. Bunlar fonunda İran rejiminin hələ də Xoyda çətin durumda olan soydaşlarımııza laqeyd münasibəti davam edir. Bu da onların rejimə qarşı birləşməsini və daha qətiyyətlə mübarizə aparmasını şərtləndirir. Molla rejimi isə İranda türk varlığını danmaq, türk kimliyini yox etmək siyasətini davam etdirməkdədir. Aydındır ki, çoxmilyonlu xalqın varlığını danmaq, onun ana dilində belə ibtidai təhsil almasına imkan verməmək siyasəti gec-tez öz əks-təsirini göstərməli idi və göstərir də. Türk dünyasının gündən-günə güclənməkdə olan siyasi, iqtisadi, mədəni birliyi bu gün İranın şovinist qüvvələrinin qorxunc kabusuna çevrilməkdədir. Artan etirazlar da bunun təzahürüdür.
Belə vəziyyətdə İranda digər xalqalar, xüsusən də ərəblər və bəluclar soydaşlarımıza dəstək verir. Belə bir vaxtda İranın Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin inqilab məhkəməsi Şeyban həbsxanasında saxlanılan 6 ərəb siyasi məhbus barəsində edam hökmü çıxarıb. Şeyban həbsxanasında saxlanılan İranın daha 6 ərəb vətəndaşı 5 ildən 35 ilə qədər azadlıqdan məhrum olunub. Tehran rejiminin siyasi, ictimai fəallara qarşı təzyiqlərinin davam etməsi isə yenidən etiraz aksiyalarnı alovlandırır. Belə ki, İranın İlam əyalətinin Dehloran şəhərində etirazçılarla İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası olan bəsic qüvvələri arasında silahlı atışma nəticəsində 4 nəfər yaralanıb. Bildirilir ki, etiraz aksiyaçılarına və dinc əhaliyə divan tutan yarımhərbi və radikal bəsic qüvvələri aksiya keçirmək istəyən gənclərə atəş açıb. Bu səbəbdən azadlıqsevərlər qarşı tərəfə cavab verib. Atışma nəticəsində iki gənc və iki bəsici yaralanıb. Tehranın Kerman küçəsindəki bəsic qüvvələrinə məxsus “Əmin İslam Pənah” adlı bazanın üzərindəki lövhə və bannerlərə od vurulub. Məlumata görə, Tehran rejiminin “Əzab (Fəcr) ongünlüyü” (1979-cu il inqilabının qələbəsi on günlüyü) təbliğat bannerlərinin məhv edilməsi və yandırılması davam edir. Tehranda gənclərin bəsicin bazasının qapısını yandırması da bu aksiyaların tərkib hissəsi sayılır. Həmin hadisəni videoya çəkən şəxs isə bunları vurğulayıb: “İnşallah, tezliklə işıqlı gün və Xamneinin hakimiyyətdən getməsi ümidi ilə. Rejimə ölüm!”. İranın Tehran və Kərəc əyalətlərinin rayonlarında hakimiyyətə qarşı şüarlar səslənib, rejimin təbliğat posterləri, plakatları cırılıb. Məlumata görə, Tehran şəhəri və əyalətin Narmak, Şəhrək-Baqeri, Sadeqiyyə və Şəhran, Kərəcin rayonlarında hakimiyyətə qarşı etiraz aksiyaları keçirilib, “Xamneiyə ölüm!”, “Diktatora ölüm!” şüarları səslənib. Sakinlər yaşadıqları evlərin eyvanlarından da bu şüarları səsləndiriblər. Məşhəd, Rəşt və Həmədan şəhərlərində isə divarlara hakimiyyətə qarşı rəsmlər çəkilib, şüarlar yazılıb, rejimin təbliğat vasitələri məhv edilib.
Samirə SƏFƏROVA