Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Erməni mediası görüşü belə şərh edir ki, tərəflər Azərbaycanın Laçın yolunda keçirdiyi etiraz aksiyası və ondan doğan nəticələri müzakirə ediblər.
Baş nazir Paşinyan Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın növbəti pozulması “faktını” və bəyanatda tərəflərin üzərinə götürdüyü öhdəliklərin tam şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Bildirilir ki, görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması mümkünlüyü ilə bağlı müzakirə aparılıb. Ancaq hiss olunur ki, Ermənistan tərəfi Xovayevin təcili səfərinin əsl mahiyyətini gizlədir. Çünki bu səfər çox qarışıq dönəmə təsadüf edir. Ermənistan heç kimlə razılaşmadan, xüsusilə də Azərbaycanın razılığını almadan müşahidəçi missiyası adı ilə bölgəyə hərbçilərdən ibarət qoşun gətirir. Təbiidir ki, bu, iki ölkə arasındakı sülh prosesini tormozlayır. Ermənistanın bu addımı həm də Rusiyanın marağına cavab vermir, loru dildə ifadə etsək, “onun bostanına daş atmaq” mənasına gəlir. Çünki bu prosesdəki nizamlamanı Rusiya öz üzərinə götürübsə, onub iradəsindən kənar olaraq regiona yeni hərbi missiyanı gətirmək Ermənistanın Rusiya qarşısındakı şıltaqlığı kimi başa düşülür. Bütün bunlar onu deməyə əsas verirmi ki, Xovayev İrəvana Moskvanın sərt xəbərdarlığını çatdırmaq üçün səfər edib?
Politoloq Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Xovayevin səfəri sıradan deyil: “Ermənistan son vaxtlar Rusiyaya qarşı açıq demarş nümayiş etdirir. Eyni zamanda, indiki halda Ermənistanın KTMT ilə bağlı açıq suallar yaratması da Kremldə üçün “qırmızı xəttin” keçilməsi kimi dəyərləndirilir. Bunun nəticəsidir ki, Rusiya rəsmiləri vaxtaşırı Paşinyanın Ermənistanı KTMT-dən çıxarmaq arzusunun yolverilməzliyini dilə gətirir. Lavrovun fikirləri isə Rusiyanın Ermənistana son xəbərdarlığı kimi də qiymətləndirilə bilər. Ermənistanın siyasi oriyentasiyasını Qərbə doğru dəyişməsi birmənalı qarşılana bilməz. Hətta Aİ-nin məlum qərarından sonra Rusiya bəyan etmişdi ki, Ermənistanın sərhəd rayonlarına Avropa İttifaqının nümayəndələrinin gəlməsi qarşıdurmanı, regionda geosiyasi vəziyyəti gərginləşdirəcək. Rəsmi Moskva açıq qarşıdurma halında olduğu Qərbin, demək olar ki, sərhədində kəşfiyyat aparmasını həzm edə bilmir. Buna şərait yaradan Ermənistanı isə qarşıda nələrin gözlədiyini demək çətindir”.
Politoloqun sözlərinə görə, Ermənistanla Rusiya arasındakı gərginliklər artan dinamikada davam edir: “İrəvanın addımlarını diqqətlə izləyən Rusiya Ermənistana “xəbərdarlıqlar” etməkdədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov regionda formalaşdırılması istiqamətində iş aparılan əməkdaşlıq formatlarına diqqət çəkib. Nazir bildirib ki, regionda quruculuğa konstruktiv diqqətin üstünlük təşkil etməsi üçün Rusiya 3 Cənubi Qafqaz respublikası - Azərbaycan, Gürcüstan, Ermənistan və 3 böyük qonşu ölkə - İran, Türkiyə, Rusiyadan ibarət “3+3” formatını təşviq edir.
Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi ilə bağlı qərarı, bu qərarın icrası rəsmi Moskva üçün açıq kontekstdə xəyanətdir. N.Paşinyanın gedişləri, Ermənistanın siyasi oriyentasiyasını Qərbə doğru dəyişməsi birmənalı qarşılana bilməz. Hətta Aİ-nin məlum qərarından sonra Rusiya bəyan etmişdi ki, Ermənistanın sərhəd rayonlarına Avropa İttifaqının nümayəndələrinin gəlməsi qarşıdurmanı, regionda geosiyasi vəziyyəti gərginləşdirəcək. Düşünürəm ki, Xovayevin səfəri sırf bu mövzulardan doğan narazılığı Paşinyanın diqqətinə çatdırmaq, daha doğrusu, son xəbərdarlığı etmək anlamına gəlir. Ermənistan bundan nəticə çıxarmasa, vəziyyəti pis olacaq. Rusiya artıq praktiki təzyiq addımları atacaq”.
Məhəmmədəli QƏRİBLİ