Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən aksiya dekabrın 12-dən bugünə kimi davam edir.
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların, könüllü gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da coşqu ilə davam edir. Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində şüarlar səsləndirirlər.
Qeyd edək ki, Azərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri Laçın yolunda ekofəalların dinc aksiyasına qoşulublar. Bunu Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina media nümayəndələrinə açıqlamasında bildirib. O qeyd edib ki, aksiyanın ilk günündən Azərbaycanın Rus İcması Laçın yolunda azərbaycanlı ekofəalların hərəkətlərini və qanuni tələblərini dəstəkləyir: “Bu gün biz şəxsən bu aksiyaya yataqların talanmasının, qarət etdiklərinin sonradan Ermənistana göndərilməsinin dayandırılması tələbi ilə qoşulduq. Bu bizim torpağımızdır, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir və bizim hərəkətlərimizi qınayanlar qoy özünə bu sualı versin: bəs onlar öz ərazilərində qanunsuz istismarı və ekologiyanın məhv olunmasına yol verərdilərmi? Əlbəttə, yox”.
Maraqlıdır, Azərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri Laçın yolunda ekofəalların dinc aksiyasına qoşulmasının nə kimi daxili siyasi və beynəlxalq əhəmiyyəti var?
“Rusiyanın planlarına, o cümlədən qiymətli metalların Azərbaycan ərazisindəki qeyri-qanuni istismarına etirazda rus icmasının da rol alması effektiv gedişdir”
Siyasi şərhçi Aqşin Kərimov “Bakı-Xəbər” açıqlamasında qeyd etdi ki, Rusiyanın son məqsədlərindən biri də Qarabağda rus icmasının yaradılmasına nail olmaqdır. Azərbaycan milli ayrıseçkilik salmır, lakin başa düşür ki, Qarabağa gələ biləcək simalar icma standartlarından kənara çıxaraq Rusiyanın agentura şəbəkəsinin qoluna çevriləcək: “Azərbaycan rusların da yaşadığı ölkədir və dövlət heç zaman onlara qarşı hər hansı ayrıseçkilik tətbiq etməyib. Bu, rus icmasının Azərbaycan vətəndaşı kimi düşünməsinə, yetişməsinə və ölkəyə bağlılığına gətirib çıxarıb”.
A.Kərimov hesab edir ki, Azərbaycandakı rus icması ölkədə vahidləşən ənənələrin, rəqiblərə qarşı mübarizənin bir parçasıdır. Laçın-Xankəndi yolundakı aksiyalarda rus icmasının iştirakı yerində atılan addımdır: “Rusiyanın planlarına, o cümlədən qiymətli metalların Azərbaycan ərazisindəki qeyri-qanuni istismarına etirazda rus icmasının da rol alması effektiv gedişdir. Bununla da, Azərbaycandakı rusların dövlətin siyasətinin dəstəkçisinə çevrildiyi mesajı Moskvaya ismarış kimi ötürülür. Belə deyək, Azərbaycan Rusiyanın Qarabağdakı “rus icmasına” rus vətəndaşları ilə cavab verir”.
Günel CƏLİLOVA