Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “Ölüm yuxusu” (“Son zabveniya”) adlı kitabı Moskvada nəşr olunub. Nəfis şəkildə “Mısl” Nəşriyyatında işıq üzü görən kitaba müəllifin eyniadlı povesti, son dövrlərdə qələmə aldığı iki hekayəsi daxil edilib. Povest və hekayələri rus dilinə Cavid Abbaslı çevirib.
Qeyd edək ki, bu, müəllifin rusdilli oxuculara təqdim olunan ilk kitabıdır. Bundan öncə yazıçının “İnsan dənizi” romanı, ayrı-ayrı hekayələri Rusiya, Ukrayna və Belarusun müxtəlif ədəbi dərgilərində, habelə Avropa və Amerikanın rusdilli mühacirət mətbuatında dərc olunub.
Yazıçının şərti-metaforik üslubda qələmə alınmış “Ölüm yuxusu” povestində kənd qəbiristanlığının köçürülməsi fonunda cəmiyyət həyatında baş verən mənəvi-əxlaqi problemlər bədii mənzərəsini tapıb. Kitaba daxil edilmiş “Kül qəfəs” və “Zolaqlı yuva” hekayələri isə özünəməxsus yazı tərzi ilə seçilməkdədir.
Azərbaycan mühacirət irsi ilə bağlı bir çox dəyərli araşdırmanın müəllifi professor Salavat İshakov kitaba yazdığı ön sözdə povest və hekayələrlə bağlı düşüncələrini belə ümumiləşdirib: “Faciəvi və kədərli hadisələrlə müşayiət olunan personajların taleyi cəmiyyəti narahat edən ciddi sosial və mənəvi-əxlaqi problemlər kontekstində aşkarlanır. Bədii mətnin mürəkkəb strukturu, fəlsəfi mahiyyəti, təsvir və təhkiyə özəllikləri yazıçının bənzərsiz yaradııcılıq üslubunu şərtləndirir”.
Kitab İnessa Lovkovanın redaktorluğu ilə nəşr edilib.
İradə SARIYEVA