Belə rəvayət edirlər ki, Nizami “Fərhad və Şirin” dastanını Marı şəhərində eşidib. Günlərin birində onun qulağına çatır ki, Marı kitabxanasında Şirin, Fərhad, Xosrov, İsgəndər, Bəhram haqqında çoxlu kitablar var. Şair dəryalardan keçir, səhralardan adlayır, gəlib Marıya çıxır. Beş il sərasər burdakı kitabları oxuyur. Topladığı məlumatlar əsasında o, xəyalında “Xəmsə” si üçün yeni donlar biçir. Həm də Marıda Nizami Gəncəviyə xeyli sayda kitab hədiyyə olunur, həmin kitabları öz doğma yurdu Gəncəyə gətirir. Məlumat üçün deyim ki, Marı (Mərv) dünyanın ən qədim şəhərlərindən biridir, onu Sultan Səncər tikmişdir.
Dastanda Şirin Bəhri-Xəzərin hökmdarı, Fərhad isə onun vəziri imiş. Fərhadı onun bibisi Məhin Banu “Qəsri-Şirin”i inşa etdirməkdən ötrü Oğuz ellərinin birindən savaş vaxtı “qənimət” kimi gətiribmiş. Məhin Banunun 300 atlıdan ibarət döyüşkən amazonları olan dəstəsi var idi. Məhz Şirin Fərhadı uca bir dağın başında özünə heç kəsin gedib-gələ bilmədiyi qəsr tikərkən görmüşdü...
Şirin Fərhadın sənətkar olmaqdan savayı, həm də ağıllı, dərrakəli olduğunu görüb onu eyni vaxtda özünə vəzir seçmişdi. Xosrov özü də Fərhadın arxasınca gəlib onu özünə qəsr tikdirmək üçün aparmaq istədiyi vaxt Şirini görmüş və ona vurulmuşdu. Lakin Şirin Fərhadı ona verməmişdi. “Qəsri-Şirin” hazır olduqda Xosrovun casusları Fərhadı qəsrin başından itələyib yerə atırlar. Fərhadın bundan ölmədiyini görən Xosrovun adamları tişəsini yuxarıdan onun üstünə atırlar. Nəticədə Fərhad öz tişəsi ilə ölür. Bütün bunlara baxmayaraq, Fərhadın ölümündən sonra Şirin Xosrova ərə getməyə razı olur...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü