Xaqani Cəfərli: “Qənaətimcə, Pakistan və Türkiyəni Husilərə qarşı hərbi əməliyyatlara başlaması regionda geniş miqyaslı, məzhəb əsaslı müharibəyə səbəb ola bilər”
Türkiyə və Pakistan Səudiyyə Ərəbistanına hərbi yardım göstərəcək və hərbi kontingentlərini krallığa göndərəcək. Türkiyə və Pakistan qoşunlarını təcili olaraq Səudiyyə Ərəbistanına yerləşdirəcəklər. Qərar, krallıqla Yəmənin bir hissəsinə nəzarət edən İranpərəst “Ənsar Allah” qruplaşması arasında münaqişənin kəskin şəkildə artması fonunda Ər-Riyadda keçirilən üç ölkənin nümayəndələrinin təcili iclasında qəbul edilib.
Tərəflər Məkkə və Mədinəyə hücum cəhdlərini, eləcə də Səudiyyə Ərəbistanının şəhərlərinə, mülki və iqtisadi infrastrukturuna edilən hücumları qətiyyətlə pislədilər, baxmayaraq ki, yekun bəyanatda kimin hücumlarının hədəf alındığı göstərilmədi.
Bu, tarixdə ilk dəfə olaraq üç dövlət arasında qarşılıqlı müdafiə haqqında "Məkkə Paktı"na istinad edilir. Bu müqavilə 7 avqust 2026-cı ildə imzalanıb və NATO Nizamnaməsinin məşhur 5-ci maddəsinə əsaslanan kollektiv yardımı nəzərdə tutur: ittifaq üzvlərindən birinə edilən hər hansı bir silahlı hücum avtomatik olaraq hər üç ölkəyə qarşı təcavüz hesab olunur.
Eyni zamanda, beynəlxalq media orqanları xüsusilə qeyd edib ki, rəsmi kommunikedə Yəmən husilərindən heç bir bəhs edilmir, baxmayaraq ki, onların Səudiyyə hava limanlarına, Aramco obyektlərinə və əsas dəniz yollarına kütləvi raket və pilotsuz təyyarə hücumları təcili görüşün əsas səbəbi olub.
Yeni ittifaq nəhəng hərbi gücləri bir araya gətirir: NATO-da ikinci ən böyük orduya malik Türkiyə, İslam dünyasının yeganə nüvə gücü olan Pakistan və Səudiyyə Ərəbistanı. Lakin kontingentin dəqiq ölçüsü və yerləşdirilən qüvvələrin konkret döyüş missiyaları hələlik yekun sənəddə göstərilməyib.
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, Səudiyyə Ərəbistanın dəstəyi ilə Yəməndəki “Ənsar Allah” hərəkatına (husilər) qarşı hərbi əməliyyatların uğursuzluğu ciddi nəticələr doğura bilər. “Aydın göürünür ki, Səudiyyə Ərəbistanı tarixinin ən ağır günlərini yaşayır. Bir sıra türk təhlilçilər uğursuzluqların davam edəcəyi halda Səudiyyə Ərəbistanın bütövlüyünün şübhə altına düşəcəyini qeyd edirlər. Çünki, İranyönümlü qüvvələr Səudiyyə Ərəbistanı üç tərəfdən mühasirəyə almağa çalışır. Husilər Səudiyyə Ərəbistanını cənubdan təhdid edərkən, daha böyük təhlükə şimal və şərq istiqamətdən yüksəlir. İranın ən güclü proksi qüvvlərindən olan “Kətaib Hizbullah” (Hizbullah Briqadaları) və “Əsaib Əhli əl-Haq”ın (Saleh İnsanlar Liqası) daxil olduğu “Xalq Səfərbərlik Qüvvələri” (Həşdi Şabi) şimal və şərqdən Səudiyyə Ərəbistanı təhdid edir.
Ər-Riyad “Məkkə paktı”nı məhz bu təhlükəyə qarşı qurub. İndi də ondan ciddi maliyyə asılılığı olan Pakistan və Türkiyəni husilərə qarşı hərbi əməliyyatlara başlamağa vadar edir”.
X.Cəfərli qeyd etdi ki, türk təhlilçilər rəsmi Ankaranı belə bir addımdan çəkinməyə çağırlar. “Qənaətimcə, Pakistan və Türkiyəni Husilərə qarşı hərbi əməliyyatlara başlaması regionda geniş miqyaslı, məzhəb əsaslı müharibəyə səbəb ola bilər. Pakistan və Türkiyəni Husilərə qarşı hərbi əməliyyatlara başlaması İranın İraq, Suriya və Pakistandakı proksi qüvvələrinin husilərin tərəfindən əməliyyatalara qoşulmağa sövq edə bilər. Türkiyənin özündə də ələvi icmasının narazılığı artmaqdadır. Bütün bunlara görə Yəməndə Husilərə qarşı hərbi əməliyyatın BMT-nin bayrağı altında, beynəlimləl qüvvələr tərəfindən həyata keçirilməsi ən doğru yol olardı”-deyə X.Cəfərli qeyd etdi.
İradə SARIYEVA