Fuad İbrahimov: "İlk növbədə Ermənistan üçün enerji təhlükəsizliyi proqramı üzrə diversifikasiya və risklərin aradan qaldırılması kimi qiymətləndirilməlidir"
Ermənistan və Türkiyə arasında Gümrü-Qars elektrik verilişi xəttinin bərpası və işə salınması istiqamətində rəsmi danışıqlar aktiv faza qədəm qoyub. Oktyabrın 5-də İrəvanda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan ilə Türkiyənin Elektrik Enerjisinin Ötürülməsi Təşkilatının (TEİAŞ) baş direktoru Mustafa Pustunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında bu layihə ətraflı müzakirə edilib.
Gümrü-Qars xəttinin işə salınması iki ölkə arasındakı normallaşma prosesinin praktik addımlarından biri hesab olunur. Tərəflər enerji sistemlərinin birləşdirilməsinin həm ikitərəfli əlaqələrə, həm də ümumi regional əməkdaşlığa töhfə verəcəyini vurğulayırlar. Eyni zamanda Qars-Gümrü dəmir yolu xəttinin bərpası üzərində də paralel işlər gedir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın "beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP-Trump Route for International Peace and Prosperity) adlandırdığı layihə çərçivəsində, region ölkələrinin enerji sistemlərinin inteqrasiyası nəzərdə tutulur.
N.Paşinyan daha əvvəl qeyd etmişdi ki, Ermənistan və Azərbaycanın enerji sistemlərinin də beynəlxalq sülh və rifah marşrutları çərçivəsində birləşdirilməsi nəzərdə tutulur. Gümrü-Qars xəttinin bərpası həm ikitərəfli əməkdaşlıq, həm də Cənubi Qafqazın enerji şəbəkələrinin Türkiyə vasitəsilə Avropaya inteqrasiyası (Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlıq) kontekstində strateji addım kimi dəyərləndirilir.
Türkiyə nümayəndə heyəti həmçinin "Ermənistanın Elektroenergetika Sistemi Operatoru" və "Yüksəkgərginlikli elektrik şəbəkələri" QSC-lərin rəhbərliyi ilə texniki məsələləri müzakirə edib.
Söhbət tamamilə yeni xəttin tikintisindən yox, Sovet dövründən qalan və 30 ildən artıqdır istifadə olunmayan mövcud infrastrukturun təmir edilərək yenidən aktivləşdirilməsindən gedir.
Bu addım regional kommunikasiyaların açılması və onilliklərdir qapalı qalan sərhədlərdə iqtisadi qarşılıqlı asılılığın yaradılması istiqamətində mühüm praktiki mərhələ sayılır.
Ermənistan və Türkiyə arasında Gümrü-Qars elektrik verilişi xəttinin bərpası istiqamətində həyata keçirilən işlərə şərh verən iqtisadçı Fuad İbrahimov baki-xeber.com-a bildirdi ki, birincisi, bu siyasi nöqteyi-nəzərdən sülh məramlı mühitin formalaşması istiqamətində işlərin getməsinin bir işarəsidir, vacib məqamdır. "Ümumiyyətlə bu postpandemiya və eyni zamanda regionda və dünyada baş verən münaqişələr dövrünün dünya iqtisadiyyatına mənfi təsirini görürük. Bu gün logistika, tranzit, nəqliyyat dəhlizləri və eyni zamanda da enerji təhlükəsizliyi iqtisadi parametrlərdə ən vacib tələbnamələrdən biridir. Yəni hazırda maksimal şəkildə istənilən dövlət bu dəhlizlərə çıxışı ilə və eyni zamanda da enerji təhlükəsizliyinin təmin edilməsi nisbətində öz dayanıqlılığını müəyyən edə, öz dayanıqlılığını nümayiş etdirə bilir. Bu baxımdan Azərbaycan istər enerji təhlükəsizliyi baxımından, istərsə də ki, logistik dəhlizlərin hərəkətə gəlməsi nöqteyi-nəzərdən regionun lideridir. Artıq icra mexanizm olan layihələrlə gündəmdədir.
Nəzərə almaq lazımdır ki, Ermənistanın da ən azından Gürcüstanla və İranla enerji baxımından müəyyən kontaktlar var. İrandan mavi qazın alınması və onun əvəzində Ermənistan tərəfindən elektrik enerjisi istehsal edilərək İranın müəyyən bölgələrinə ixrac edilməsi prosesi mövcuddur. Bu gün də mütəmadi olaraq həyata keçirilir.
Qars-Gümrü elektrik ötürücüsü xəttinin bərpası ilk növbədə Ermənistan üçün enerji təhlükəsizliyi proqramı üzrə diversifikasiya və risklərin aradan qaldırılması kimi qiymətləndirilməlidir. Çünki birincisi, söhbət Türkiyə kimi dayanaqlı bazardan gedir. Bu gün Ermənistanda istehsal olunan elektrik enerjisinin müəyyən dövrlərdə artığının satılması imkanlarını yaradacaq. Bu çox vacib məqamdır. Bundan sonra nəzərə almaq lazımdır ki, enerji xəttlərinə qoşulma, bu artıq regional enerji dəhlizlərinə inteqrasiya deməkdir. Çünki Azərbaycan-Türkiyə, İran-Türkiyə, İran-Azərbaycan, Türkiyə-Gürcüstan, Azərbaycan-Gürcüstan arasında bütün elektrik xəttlərinin inteqrasiyası var.
Fors-major halları yarananda hər iki istiqamətdə dəstək nöqteyi-nəzərdən elektrik enerjilərinin nəqli mümkündür. Ermənistan bu nöqteyi-nəzərdən regionda ən riskli dövlətlər sırasındadır. Ona görə ki, zamanında bir nömrəli ticarət partnyoru olan Rusiya ilə heç bir quru sərhədi yoxdur, ancaq digər ölkə-Gürcüstan üzərindən bir hərəkət var".
F.İbrahimovun fikrincə, gələcəkdə Azərbaycanla da bu mütləq şəkildə bu inteqrasiya baş verəcək, buna heç şübhə yoxdur. "Azərbaycanın Naxçıvan hissəsi ilə bu mütləq lazımdır. Ermənistanın da yaşıl enerji nöqteyi-nəzərdən istehsal oluna biləcək gücləri var və düşünürəm ki, zamanında investisiyaların yönəldilməsi, investisiya cəlb edilməsi istiqamətində burada ixrac yönümlü yaşıl enerji dəhlizinə qoşulma imkanları da var. Amma bunun üçün əlbəttə ki, ilk növbədə ənənəvi enerji dəhlizlərinə inteqrasiya lazımdır. Bütün şəbəkələr uyğunlaşmalıdır. İstənilən fors-major halında da ki, hər iki istiqamətdə elektrik enerjisinin nəqli, ötürülməsi mümkün olsun. Yəni bu baxımdan bu hesab edirəm ki, bunu həm müasir dövrün tələbinin bir göstəricisi kimi qiymətləndirirəm. Eyni zamanda da siyasi müstəvidə konkret olaraq irəliləyişlərin şaxələnməsinin göstəricilərini görürük"-deyə F.İbrahimov qeyd etdi.
İradə SARIYEVA