Rusiyanın Volqoqrad şəhərindəki neft emalı zavodu 2 oktyabrda Ukraynanın dron hücumundan sonra fəaliyyətini dayandırıb. Bu barədə “Reuters” iki sənaye mənbəsinə istinadən məlumat yayıb.
Oktyabrın 2-də Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov sənaye infrastrukturuna genişmiqyaslı PUA hücumu barədə məlumat vermiş, lakin hansı obyektlərin hədəf alındığını açıqlamamışdı. Daha sonra Ukrayna Baş Qərargahı Volqoqrad neft emalı zavoduna zərbə endirildiyini açıqlayıb.
Volqoqrad neft emalı zavodu Rusiyanın enerji nəhəngi “Lukoil” şirkətinə məxsusdur. Zavod ildə təxminən 14 milyon ton və ya gündə 280.000 barel neft emal edə bilir ki, bu da Rusiyanın ümumi emal gücünün təxminən 5%-ni təşkil edir.
Neft emalı zavodu 3 avqustda da fəaliyyətini dayandırmışdı. May ayının sonu və fevral ayında da ona hücum edilmişdi.
Tahir TAĞIYEV