Təhsil şəraitinin pis olmasına qarşı orta məktəb etirazlarının baş qaldırdığı Fransada gərginlik yüksək olaraq qalır. Müəllim və işçi çatışmazlığı, həddindən artıq izdihamlı sinif otaqları, köhnə məktəb binaları və qeyri-kafi resurslar səbəbindən başlayan nümayişlər ölkənin bir çox şəhərinə yayılıb.
Lisey və universitet şagirdləri, tələbələri, müəllimlər, valideynlər və həmkarlar ittifaqları ilə birlikdə çoxsaylı şəhərlərdə keçirilən etirazlarda iştirak ediblər.
Etirazlar 6 oktyabrda kütləvi nümayişlərin yeni dalğasına çevrilib. CGT (Fransa Həmkarlar İttifaqları Konfederasiyası) tərəfindən açıqlanan məlumatlara görə, saat 13:30-a qədər Paris istisna olmaqla, Fransanın hər yerində 260 mindən çox insan nümayişlərdə iştirak edib. Parisdəki yürüş günortadan sonra başlayıb.
Daxili İşlər Nazirliyinin əvvəlki rəqəmlərində səhər yürüşlərində təxminən 86.000 insanın iştirak etdiyi bildirilirdi. Paris yürüşündə isə 20.000 ilə 40.000 arasında insanın iştirak edəcəyi gözlənilirdi.
Tələbələr, müəllimlər, valideynlər və həmkarlar ittifaqları Tuluza, Lill, Renn və Nim də daxil olmaqla bir çox şəhərdə küçələrə çıxıblar. Renn şəhərində etirazlar zamanı gərginlik artıb, polis göz yaşartıcı qaz və su şırnaqlarından istifadə edib.
Orta məktəb şagirdlərinin ümumölkə etirazları orta təhsil sisteminin vəziyyətindən geniş yayılmış narazılıq fonunda davam edir. Etirazlar zorakılıq və təhlükəsizlik qüvvələri ilə toqquşmalarla müşayiət olunur. Bəzi hallarda izdihamı dağıtmaq üçün göz yaşartıcı qaz və dəyənəklərdən istifadə olunur.
Fransadakı etirazların qurbanlarının sayı da artır. Son rəqəmlərə görə, hərəkatın başlanğıcından bəri 6059 nəfər həbs olunub. 715 polis əməkdaşı və 215 şagird yaralanıb. Baş nazir Sebastyan Lekornu hadisələrdə 85 təhsil işçisinin yaralandığını, onlardan 34-ünün direktor və ya direktor müavini olduğunu açıqlayıb.
Lekornu təhsil işçiləri üçün vəziyyəti "onilliklərin ən ağır qurbanı" adlandırıb.
Kütləvi etirazlarla əlaqədar 1800-dən çox insana qarşı da məhkəmə prosesi başlanıb.
Etirazlar Fransa təhsil sisteminə də əhəmiyyətli dərəcədə təsir göstərib. Təhsil Nazirliyinin məlumatlarına görə, müxtəlif səbəblərdən ölkənin 3700 liseyindən 891-də dərslər tamamilə və ya qismən dayandırılıb.
Tələbə təşkilatları etirazların davam edəcəyini açıqlayıblar. FAGE (Tələbə Assosiasiyaları Federasiyası) rəhbəri Suzanne Nijdam təhsil sektorundakı tələblərini ödəmək üçün 10 milyard avro maliyyələşdirmə tələb etdiklərini açıqlayıb. Tələbə təşkilatları məktəb təmiri, işçi heyətinin işə qəbulu və təhsil sistemində müxtəlif dəyişiklikləri əhatə edən 10 maddəlik tələblər siyahısı hazırlayıblar.
Tələbələrin şikayətləri məktəblərin pis fiziki vəziyyəti və təhsil sistemində resursların çatışmazlığı ilə bağlıdır. Xüsusilə Parisin şimalında yerləşən Sen-Denisdə şagirdlər məktəb binalarının pis vəziyyəti, müəllim çatışmazlığı və qeyri-kafi təmirlə bağlı narahatlıqlarını bildiriblər.
“Reuters” agentliyinə danışan 17 yaşlı Fadila məktəbindəki şəraiti belə təsvir edib: "Məktəbdə hər yerdə tarakanlar və siçovullar var".
O, həmçinin sinif otaqlarının isti havada boğucu, qışda isə olduqca soyuq olduğunu bildirib.
Baş nazir Lekornu isə məktəb binalarının vəziyyəti, təhsil sistemi və şagirdlərin gələcəyi ilə bağlı müxtəlif tədqiqatların aparılacağını və gələn il milli təhsil büdcəsinin 1,2 milyard avro artırılacağını açıqlayıb.
Tahir TAĞIYEV