Ələt Azad İqtisadi Zonasının əsas üstünlüklərindən biri onun ətraf ölkələrdəki digər azad iqtisadi və sənaye zonaları ilə müqayisədə daha geniş coğrafi imkanlara malik olmasıdır. Bunu Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Alman-Azərbaycan Əlaqələndirmə Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, zonanın cəlbediciliyini artıran digər mühüm amil onun beynəlxalq nəqliyyat dəhlizlərinin – Şimal-Cənub və Şərq-Qərb marşrutlarının kəsişməsində, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşməsidir.
“Bir sıra müasir yüksək texnologiyalı sənaye sahələri üçün nəqliyyat imkanlarına birbaşa çıxış həyati əhəmiyyət daşıyır. Bu baxımdan Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının və onun ətrafında logistika infrastrukturunun yaradılması ilə bağlı yerli yükdaşıma şirkətləri, metro və aviasiya strukturları ilə əməkdaşlıq edirik. Layihənin həyata keçirilməsi üçün 750 hektar torpaq sahəsi ayrılıb. Hava limanının tikintisinə 2024-cü ilin aprelində başlanılıb. Tikinti işlərinin 2026-cı ilin sonunadək başa çatdırılması, hava limanının isə 2027-ci ilin mart ayının sonu – aprel ayının əvvəlində fəaliyyətə başlaması nəzərdə tutulur. Hava limanının ilkin mərhələdə illik yükdaşıma gücü 500 min ton təşkil edəcək. Sonrakı mərhələlərdə bu göstəricinin ən azı 2 milyon tona çatdırılması planlaşdırılır”, – deyə V.Ələsgərov qeyd edib.
ZÜMRÜD