Bəhruz Quliyev: “Bu, dünyada analoji münaqişələrin həlli baxımından mühüm presedentdir”
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib ki, iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır:
“8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır. Çünki birinci növbədə yeni bir presedent yaranmışdır və biz bu qələbələri böyük güclərin müqaviməti fonunda əldə etmişik. Sirr deyil ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun əsas məqsədi münaqişəni dondurmaq idi, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək göstərmək yox”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyevin fikrincə, Prezident Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər göstərir ki, 8 Noyabr və 20 Sentyabr Azərbaycan tarixində sadəcə hərbi qələbə tarixləri deyil: “Bunlar dövlətimizin ərazi bütövlüyünü və suverenliyini təmin edən iki fundamental Zəfər kimi qiymətləndirilməlidir. Xatırladaq ki, 8 Noyabr Vətən müharibəsində qazanılan Qələbə işğal faktına son qoydu. 20 Sentyabr 2023-cü il isə Azərbaycanın öz ərazisində separatizmə son qoyaraq suverenliyini tam bərpa etməsi ilə tarixə düşdü. Bu baxımdan həmin iki tarix bir-birini tamamlayan, vahid tarixi-siyasi nəticəyə aparan iki mühüm mərhələdir. Burada Prezidentin xüsusilə vurğuladığı bir məqam diqqət çəkir. Azərbaycan bu nəticəni yalnız Ermənistanla qarşıdurmada deyil, eyni zamanda illərlə formalaşmış beynəlxalq siyasi status-kvonun müqaviməti fonunda əldə etdi. 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu uzun illər ərzində münaqişənin həlli əvəzinə, faktiki olaraq, mövcud vəziyyətin dondurulmasına xidmət etdi. Azərbaycan isə bu reallığı qəbul etmədi. Sözün əsl mənasında, Minsk qrupunun həmsədrləri yalnız əks tərəfdən çıxış etdilər və münaqişəni illərlə uzatdılar. Ən mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan hərbi-siyasi iradə, diplomatik fəaliyyət və milli həmrəylik hesabına beynəlxalq hüququn fundamental prinsiplərini, ərazi bütövlüyü və suverenliyi praktik olaraq təmin etdi. Bu, yalnız Azərbaycanın deyil, dünyada analoji münaqişələrin həlli baxımından da mühüm presedentdir. Hesab edirəm ki, bu gün 8 Noyabr və 20 Sentyabr tarixləri Azərbaycan xalqının Zəfər salnaməsinin ayrılmaz səhifələridir. Birinci Zəfər işğala son qoydu, ikinci Zəfər isə separatizmi aradan qaldıraraq Azərbaycanın dövlət suverenliyini tam təmin etdi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu qələbələrin tarixi əhəmiyyəti yalnız Azərbaycanın sərhədləri ilə məhdudlaşmır”.
Vidadi ORDAHALLI