Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı Xəzər dənizində təlimlər zamanı hərbçilərin ölümündən sonra saxlanılıb.
Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İnterfaks”a verilən məlumata görə, nazirliyin hərbi istintaq bölməsi Xəzər dənizində təlimlər zamanı səhlənkarlıqdan ölüm hadisəsi ilə bağlı cinayət istintaqı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanını saxlayaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirib.
Məlumata görə, o, məhkəmə qərarı ilə həbs edilib. Hazırda istintaq davam edir.
Qeyd edək ki, ötən həftənin sonunda Qazaxıstanda bir sıra istefalar baş verib. Prezident Kasım-Jomart Tokayev Kanış Abubakirovu müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifələrindən azad etdi. Almaz Cumakeyev də müdafiə nazirinin müavini, Kanat Niyazbekov isə Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifələrindən azad edilib. Sentyabrın sonunda isə Dauren Kosanov müdafiə naziri vəzifəsindən azad edilmişdi.
İstefalar qərarları 24 sentyabrda Manqistau bölgəsində baş verən faciədən sonra verilib. Xəzər dənizində keçirilən "Xəzər Korqanı-2026" təlimləri zamanı 17 hərbçi "Kaisar" gəmisindən şəxsi heyəti çıxararkən dənizə düşüb. Onlardan üçü xilas edilib, 14-ü ölüb. Hadisə ilə əlaqədar Müdafiə Nazirliyinin beş əməkdaşı səhlənkarlıq və naviqasiya qaydalarını pozmaqda şübhəli bilinərək saxlanılıb. Saxlanılanlar arasında Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi və baş komandanın birinci müavini, iki bölük komandiri, eləcə də dəniz bölüyü və qayıq komandirləri olub.
Tahir TAĞIYEV