Türkiyədə 2026-cı ilin sentyabrında yaranan fond böhranı ilk baxışda bir neçə portfel idarəetmə şirkətinin problemi kimi görünürdü. Lakin hadisə qısa müddətdə yüz minlərlə investorun puluna, İstanbul birjasına, maliyyə nəzarət sisteminə və hətta hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi reputasiyasına toxunan böyük böhrana çevrildi. Türkiyənin Kapital Bazarları Şurası (SPK) sentyabrın 17-də yeddi portfel idarəetmə şirkətinin 131 fondunun ləğvinə qərar verdi. Bu fondlarda 455 758 fərdi investor vardı. Fondların ümumi aktivləri isə təxminən 20 milyard dollar səviyyəsində qiymətləndirilir. Hadisələrin kökü əslində sentyabrda yox, daha əvvəlki dövrdə formalaşıb.
SPK özü bildirir ki, 2025-ci ilin son rübündə bəzi sərbəst və pul bazarı fondlarının azad dövriyyədə olan səhmləri aşağı şirkətlərdə iqtisadi və fundamental göstəricilərlə izah olunmayacaq qiymət hərəkətlərinə səbəb olduğunu müşahidə etmişdi. 2 dekabr 2025-ci ildə Maliyyə Sabitliyi Komitəsində məsələ müzakirə olunmuş, daha sonra yeni qaydaların hazırlanmasına başlanmışdı. Mexanizm sadə, amma təhlükəli idi. Bəzi fondların az likvid, yəni bazarda az alınıb-satılan səhmlərdə böyük mövqelər topladığı iddia olunur. Fond həmin səhmləri aldıqca qiymət qalxırdı. Qiymət artdıqca fondun göstərdiyi gəlirlilik yüksəlirdi. Yüksək gəlir yeni investorları cəlb edirdi. Yeni gələn pullar isə yenidən həmin səhmlərin alınmasına yönəlirdi. Beləliklə, özünü bəsləyən qiymət artımı mexanizmi yaranırdı. “Reuters”in araşdırmasına görə, bəzi fondlarda gəlirlilik o qədər qeyri-adi səviyyəyə çatmışdı ki, “Tera Portföy”ün TLY fondunda göstərilən gəlir 15 000 faizə qədər yüksəlmişdi. Problemin ən təhlükəli tərəfi isə bu mexanizmin yalnız pul fondlara daxil olduğu müddətdə işləməsi idi. Investorlar eyni vaxtda pullarını geri istəməyə başlayanda sistem əks istiqamətdə işləməyə başladı. Fondların böyük hissəsi az likvid səhmlərdə olduğundan onları dərhal satmaq mümkün deyildi. Çıxış tələblərini qarşılamaq üçün daha likvid aktivlər satılmağa başladı. Bu isə İstanbul birjasında əlavə satış təzyiqi yaratdı və qiymətlər daha da düşdü. Sentyabrda BIST-100 indeksi 16,65 faiz geriləyərək 2008-ci ildən bəri ən pis aylıq nəticəsini göstərdi və may zirvəsindən 20 faizdən çox aşağı düşərək, məşhur deyimlə deyilsə, “ayı bazarı”na daxil oldu. Yəni böhranın mahiyyəti sadəcə “fondlar səhv investisiya etdi” deyil. Burada likvidlik, yüksək gəlir vəd edən investisiya modeli, kiçik səhmlərdə qiymətlərin şişməsi və kütləvi çıxış tələbləri bir-birini tamamlayaraq böhran yaratdı. Düzdür, 131 fondun ləğv edilməsi bütün investorların pullarını itirməsi demək deyil. SPK artıq aralıq ödəniş mexanizmi yaradıb. Oktyabrın 1-dən etibarən müəyyən fondların investorlarına yekun ləğvetmə məbləğindən çıxılmaq şərtilə aralıq ödənişlər edilməsinə başlanılıb. Hər fond üzrə xalis investisiyası 1 milyon lirədən aşağı olan investorlar həmin məbləğin tamamını, 1 milyon lirə və yuxarı investisiyası olanlar isə ilkin mərhələdə maksimum 1 milyon lirə ala biləcəklər. Əsas risk böyük məbləğ qoymuş investorlarındır. Çünki fondların balansındakı səhmlər real bazar qiymətindən aşağı qiymətə satılmalı olarsa, ləğvetmə nəticəsində investorun yekun alacağı məbləğ fondun əvvəlki hesablanmış dəyərindən əhəmiyyətli dərəcədə aşağı düşə bilər. Digər tərəfdən, kiçik investorların tamamilə qorunacağı artıq elan edilib kimi başa düşülməməlidir. SPK-nın mexanizmi ilkin ödəniş verir; yekun zərərin miqyası aktivlərin hansı qiymətə satılacağından asılı olacaq. Tənzimləyici ləğvetmə müddətini üç aydan altı aya qədər uzadıb ki, aktivlər panika şəraitində məcburi şəkildə ucuz qiymətə satılmasın.
Böhranın ikinci mərhələsi maliyyə deyil, etimad böhranıdır. Türkiyə illərdir yüksək inflyasiya və lirənin dəyər itirməsi problemi yaşayır. Buna görə əhalinin bir hissəsi bank depozitindən və klassik öz açıqlamasında riskləri 2025-ci ilin sonlarından müşahidə etdiyini bildirir. Buna görə əhali daha yüksək gəlirli sahələr axtarırdı. Fondlar da məhz bu ehtiyaca cavab verirdi. İndi isə investorların bir hissəsi “fondun göstərdiyi gəlir həqiqətən real idimi” sualını verir. Daha təhlükəlisi odur ki, SPK öz açıqlamasında riskləri 2025-ci ilin sonlarından müşahidə etdiyini bildirir. Buna görə ictimai müzakirənin mərkəzində “kim nə vaxt bilirdi” sualı dayanır. Əgər investorlar hesab etsələr ki, dövlət riskləri əvvəlcədən görüb, amma müdaxilə gecikib, nəticə yalnız fond sektoruna deyil, bütün Türkiyə kapital bazarlarına inamın azalması ola bilər. Böhranı siyasi baxımdan həssas edən əsas məsələ onun hakimiyyət dairələrinə toxunmasıdır. Araşdırma genişləndikcə siyasətçilər, keçmiş dövlət məmurları və biznes çevrələri ilə bağlı əlaqələr də gündəmə gəlib. AKP-nin sədr müavini Fatma Betül Sayan Kaya istefa verib; onun və həyat yoldaşının böhrandan mənfəət götürdüyünə dair iddialar müzakirə olunur. Müxalifət artıq məsələni prezident Rəcəb Tayyib Ərdoğanın siyasi məsuliyyəti kimi təqdim edir, istefa və ya seçki tələb edir. Hakimiyyətin cavabı isə iki istiqamətdədir: bir tərəfdən sərt hüquqi araşdırma, digər tərəfdən problemin sistemik maliyyə böhranına çevrilmədiyi mesajı. Maliyyə naziri Mehmet Şimşek bildirib ki, problemli fondlar və portfel şirkətləri “karantinə alınıb” və sistemin qalan hissəsinə yoluxmanın qarşısı böyük ölçüdə alınıb. Ərdoğan da Türkiyənin bu böhrandan “təmizlənmiş” şəkildə çıxacağını bildirib. Ən real ssenari böhranın tədricən maliyyə sektorundan siyasi məsuliyyət məsələsinə keçməsidir. Birinci mərhələdə dövlət investorların pulunun mümkün qədər çoxunu geri qaytarmağa çalışacaq. Bunun üçün fond aktivlərinin satılması və ləğvetmə prosesi altı aya qədər davam edə bilər. İkinci mərhələdə qiymət manipulyasiyası və mümkün saxtakarlıqlarla bağlı cinayət işləri genişlənəcək. Fond araşdırmasının bir hissəsi olaraq, İstanbul Baş Prokurorluğu, Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaq Bürosu tərəfindən aparılan fond istintaqı ilə bağlı yeni bir araşdırma başlanıb. Şübhəlilərin səhmlərini müxtəlif hesablara, eləcə də xaricdəki banklara və broker şirkətlərinə köçürdükləri aşkar edildikdən sonra səhm əməliyyatlarının ətraflı araşdırılması tələb olunub. İstintaq çərçivəsində, “Pusula Holding” İdarə Heyətinin sədri Serdar Turhan, “Pusula Portfolio” İdarə Heyətinin sədri Məhəmməd Yarız və Şaban Serkan İlaldının bank və broker hesablarındakı səhm əməliyyatlarının aşkarlanması üçün müvafiq qurumlara sorğular göndərilib.
Tahir TAĞIYEV